
Şuşa Bəyannaməsi Azərbaycanın xarici siyasətində mühüm yer tutan strateji sənədlərdən biri olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına əhəmiyyətli töhfə verir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi dövlətimizin regional və qlobal səviyyədə mövqeyinin möhkəmlənməsinə, beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə və siyasi təsir gücünün artmasına xidmət edir.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra Azərbaycan regionda yeni siyasi reallıqlar formalaşdırmışdır. Şuşa Bəyannaməsinin məhz bu reallıqlar fonunda, işğaldan azad edilmiş Şuşa şəhərində imzalanması ölkəmizin güclü dövlət kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirmişdir. Bu hadisə Azərbaycanın öz milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil siyasət həyata keçirən və regional proseslərə təsir göstərən dövlət olduğunu bir daha nümayiş etdirmişdir.
Bəyannamə Azərbaycanın etibarlı tərəfdaş imicinin güclənməsinə də mühüm təsir göstərir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialı ilə deyil, həm də etibarlı tərəfdaş kimi qəbul olunması ilə müəyyən edilir. Azərbaycan uzun illərdir ki, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalaraq etimad qazanan ölkələr sırasında yer alır. Türkiyə kimi regionun və dünyanın aparıcı dövlətlərindən biri ilə müttəfiqlik münasibətlərinin qurulması bu etimadın daha da möhkəmləndiyini göstərir.
Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq layihələrdə rolunun artmasına da əlavə imkanlar yaradır. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, logistika və regional əməkdaşlıq sahələrində mühüm təşəbbüslərin müəllifi və iştirakçısı kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və Bakı–Tbilisi–Qars kimi layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətini artırmışdır. Şuşa Bəyannaməsi bu əməkdaşlıq modelinin gələcəkdə daha da genişlənəcəyini və ölkəmizin strateji əhəmiyyətinin artacağını göstərir.
Sənədin mühüm tərəflərindən biri də Azərbaycanın diplomatik mövqeyinin güclənməsinə verdiyi töhfədir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını dəstəkləyir, mühüm məsələlərdə ortaq mövqe nümayiş etdirirlər. Bu əməkdaşlıq ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrilməsinə və mövqeyinin daha geniş şəkildə qəbul edilməsinə şərait yaradır.
Şuşa Bəyannaməsi eyni zamanda Azərbaycanın regionda sabitliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələri ön plana çıxarır. Dövlətimiz uzun illərdir ki, regional təhlükəsizliyin təmin olunması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Bu siyasət beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır və ölkəmizin nüfuzunun yüksəlməsinə xidmət edir.
Azərbaycanın geosiyasi əhəmiyyəti, zəngin enerji resursları, müstəqil xarici siyasəti və etibarlı tərəfdaş mövqeyi Şuşa Bəyannaməsi ilə daha da güclənmişdir. Bu sənəd ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, regional liderlik imkanlarını artıran və Azərbaycanı qlobal əməkdaşlıq proseslərinin mühüm iştirakçılarından birinə çevirən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır.
Pərvanə Əliyeva,
YAP Xətai rayon təşkilatnın fəalı ,264 saylı məktəbin müəllimi



