Analitika

Bayraq qürur duyduğum nişanədir

Bayraq qürur duyduğum nişanədir – dövlətin varlığını sübut edir dünyada. Harada ki üçrəngli bayraq dalğalanır – ora mənim Vətənimdir, Azərbaycan məkanıdır. Başımın üstündə bayrağım dalğalanırsa, mən vüqarlıyam, ucadan ucayam, xalqım azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Bayraq mənim qələbə sevincimdir – Vətənimin zəfər günündə göylərə yüksəldilir.

Dostlarımızı sevindirən, düşmənimizi xar edən, gözünə tikan kimi batan üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqlədi. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq. Qürurvericidir ki, dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız bu gün bu bayraq altında tərbiyə edilən qeyrətli, vətənpərvər Vətən oğullarının sayəsində Zəfərimizin, milli birliyimizin və həmrəyliyimizin rəmzi kimi işğaldan azad edilən torpaqlarımızda əbədi olaraq qaldırılıb.

Azərbaycan xalqının vətənə, xalqa, dövlətə olan məhəbbəti, bayrağımıza olan sevgisi, ehtiramı dövlətimizi daim yaşadacaq, müstəqilliyimizi əbədi edəcək. Qalibiyyət nişanəsi üçrəngli bayrağımız, min yaşa, həmişə yüksəklərdə, zirvələrdə dalğalan!

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button