Analitika

Bayraq Günümüz son üç ildə ayrı bir şövqlə, ayrı bir qürurla keçirilir

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.Bayraq Günümüz son üç ildə ayrı bir şövqlə, ayrı bir qürurla keçirilir. Çünki 9 noyabrdan bir gün öncəki gün bizim tarixi Zəfər Günümüzdür. 8 noyabr 2020-ci ildə işğalçı Ermənistan, dünya erməniliyi və Ermənistanın bütün havadarları üzərində qazanılan Qələbə bayrağımızı öz haqq etdiyi yerlərə qaytardı. Bu gün Şuşada,Xankəndidə,Xocalıda,Laçında və digər işğaldan azad olunmuş torpaqlarda bayrağımızın dalğalanması Bayraq Günümüzə ən böyük təbrikdir! Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi:“Üçrəngli bayrağın kölgəsində mən Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövri-qədimdən Bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı müvafiq Sərəncam əsasında hər ilin 9 noyabrı ölkəmizdə Dövlət bayrağı Günü olaraq bayram edilir. Dövlət Bayrağı Gününün təsis olunması həm bayrağa, həm də dövlətçilik irsinə hörmət rəmzi olub, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Xalq Cümhuriyyətimizin üçrəngli Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 28 aprel 1920-ci ildə Cümhuriyyət işğala məruz qalınca, dövlət bayrağımız könüllərə köçüb, ölkə içində çox gizli yerlərdə – milli aydınların sayəsində qorunub, habelə mühacirlər tərəfindən yaşadılıb. Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyinə inanan Azərbaycan xalqı, XX yüzilin axırlarında yenidən üçrəngli bayrağı göylərin üzünə çəkdi, meydanlara daşıdı və nəhayət, milli bayrağımız dövlət idarələrində ucaldılmağa, yenidən rəsmi status qazanmağa başladı. Həyata keçən tarixi təşəbbüs Xalq Cümhuriyyətimizin üçrəngli müqəddəs bayrağı 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət Bayrağı olaraq təsdiq edildi. 5 fevral 1991-ci ildə Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək, ona yenidən Dövlət Bayrağı statusu verdi. – “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. – Ümummilli lider Heydər Əliyev deyirdi. Nəhayət, 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə müasir respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu və Cümhuriyyətin bayrağını, digər dövlət rəmzlərini bərpa etdi. Dövlət rəmzinə qarşı məsuliyyət Müstəqil Azərbaycan Respublikasının Əsas Qanununun – Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 8 iyun 2004-cü il tarixli Qanunla bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib. Belə ki həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması, Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilib. Dövlət bayrağımız milli birliyimizi təcəssüm etdirir.Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Ələfsərova Həmidə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button