
Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın milli mənsubiyyətini və dövlətimizin müstəqilliyini dünyanın hər yerində tanıdan müqəddəs rəmzdir. Onun dalğalandığı hər bir məkanda Azərbaycan xalqının tarixi, mədəniyyəti və azadlıq iradəsi təmsil olunur. Bayraq milli kimliyimizin coğrafi sərhədlərdən kənara çıxan ifadəsidir.
Ölkəmizin diplomatik nümayəndəliklərində dalğalanan bayrağımız Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemindəki yerini göstərir. Xarici ölkələrdə keçirilən rəsmi görüşlər və tədbirlər zamanı üçrəngli bayrağımızın nümayiş etdirilməsi dövlətimizin suverenliyinə və bərabərhüquqlu əməkdaşlıq prinsipinə işarədir
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün Dövlət Bayrağı xüsusi mənəvi əhəmiyyət daşıyır. Soydaşlarımız milli bayramlarda, mədəni tədbirlərdə və ictimai görüşlərdə bayrağımızı nümayiş etdirməklə Vətənlə bağlılıqlarını ifadə edirlər. Bu, xaricdə yaşayan həmvətənlərimizin milli kimliyini qorumasına və birlik hissinin güclənməsinə kömək edir.
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdiyi qələbələr zamanı bayrağımızın yüksəldilməsi xalqımızın sevincini artırır. Elm, mədəniyyət və incəsənət sahələrində uğur qazanan azərbaycanlıların nailiyyətləri də ölkəmizin adını dünyada tanıdır. Hər bir belə uğur bayrağımızın beynəlxalq aləmdə daha böyük qürurla dalğalanmasına səbəb olur.
Üçrəngli bayrağımızın ucalığı hər bir azərbaycanlının mənəvi məsuliyyətidir. Harada yaşamağımızdan asılı olmayaraq, dövlətimizin adını layiqincə təmsil etmək, milli dəyərlərimizi qorumaq və ölkəmizin inkişafına töhfə vermək vacibdir. Bayrağımız daim dünyanın hər yerində qürurla dalğalanmalıdır.
Aygül İsrafilova,
YAP Nizami rayon təşkilatının fəalı



