AnalitikaGündəmSiyasət

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BAYRAĞIMIZIN TARİXİNDƏKİ XİDMƏTLƏRİ

Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Onun siyasi fəaliyyəti müstəqil dövlətimizin əsaslarının möhkəmləndirilməsi, milli dəyərlərin qorunması və dövlət rəmzlərimizin bərpası ilə sıx bağlıdır. Üçrəngli Dövlət Bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi də bu tarixi xidmətlərin mühüm tərkib hissəsidir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar qəbul olundu. Həmin dövrdə bu addım böyük siyasi cəsarət və milli iradə tələb edirdi. Qərar xalqın müstəqillik arzularının ifadəsi olmaqla yanaşı, Azərbaycanın gələcək dövlətçilik yoluna mühüm istiqamət verdi.

Ulu Öndər dövlət rəmzlərinin yalnız formal atribut olmadığını, onların xalqın tarixi yaddaşını və milli mənsubiyyətini ifadə etdiyini yaxşı bilirdi. O, Azərbaycançılıq ideologiyasının inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Üçrəngli bayrağın bərpası bu siyasətin parlaq nümunəsi idi.

Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Dövlət rəmzlərinin hüquqi əsaslarının möhkəmləndirilməsi, Konstitusiyada təsbit edilməsi və cəmiyyətdə onlara hörmət ruhunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Beləliklə, bayrağımız müstəqil dövlətimizin ayrılmaz atributuna çevrildi.

Bu gün Azərbaycan xalqı Ulu Öndərin dövlətçilik tariximizdəki xidmətlərini dərin ehtiramla xatırlayır. Onun üçrəngli bayrağımızın bərpası istiqamətində atdığı addım milli yaddaşımızda əbədi yaşayır. Bayrağımızın hər dalğalanışında müstəqillik ideyalarına sədaqət və Ulu Öndərin siyasi irsinə ehtiram ifadə olunur.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button