AnalitikaGündəm

Azərbaycanın ŞƏT-in Zirvə görüşündə iştirakı ölkəmizə göstərilən böyük ehtiramın göstəricisidir

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. 3-4 iyul tarixlərində isə Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Prezident İlham Əliyevin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə xüsusi dəvət alması, həmin tədbirlərdə fəal iştirakı Azərbaycan Liderinə və ölkəmizə göstərilən böyük ehtiramın göstəricisidir.

Azərbaycanın ŞƏT-ə üzv dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin Astana Zirvə görüşündə iştirakı və sammitdə dərinməzmunlu çıxışı ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Sammitin yekunu olaraq qəbul edilmiş Astana Bəyannaməsi də gələcək əməkdaşlığın konturlarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmin görüşlərdə Çin lideri Si Cinpin ilə aparılan müzakirələr ayrıca qeyd olunmalıdır. Astanada qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələrarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın genişləndirməsində xüsusi yerə malik olacağı şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button