Analitika

Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu sübut etdi

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi artıq üçüncü onillikdir ki, dünyanın aparıcı şirkətləri arasında əhəmiyyətli əməkdaşlıq platformasına çevrilib. Mayın 31-də Bakıda keçirilən 28-ci Sərgidə 35 ölkəni təmsil edən 320 şirkət iştirak edirdi. “Caspian Oil&Gas” sərgisi və onunla eyni vaxtda təşkil olunmuş 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” platforması ölkəmizin bu illər ərzində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, aparıcı şirkətlər arasında faydalı əlaqələrin qurulmasına yeni imkanlar yaratdı. Azərbaycan Prezidentinin ənənəvi olaraq Sərginin açılış mərasimində iştirakı bu platformanın yüksək statusunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında platforma qurulanadək ölkəmizin və tərəfdaşlarımızın üzləşdiyi çətinlikləri yada saldı və bugünkü uğurların arxasında Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin dayandığını xüsusi olaraq vurğuladı: “Biz 1994-cü ildə neft strategiyamızın-Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firəvan gələcəyinin təməli qoyuldu”. Azərbaycandan qat-qat zəngin ölkələr var, amma bu, onlara uğur, rifah və müstəqillik gətirmədi. Yaxın Şərq nümunələrinə diqqət yetirmək bu iddianın nə qədər qərəzli və absurd olduğunu görmək üçün yetərlidir. Liviyanın, İraqın təbii sərvətləri ölkəmizin təbii resurslarından dəfələrlə çox idi. Bəs, nə oldu? İndi həmin ölkələrin təbii sərvətləri və iqtisadi inkişaf imkanları deyil, yalnız viran qalmış coğrafiya və tökülən qardaş qanı yada düşür. Bədxahlarımız qalsın bir tərəfdə. Amma bu reallığı görməyən və ya görmək istəməyən öz içərimizdəki siyasət uğursuzlarının nəzərinə mayın 30-da öləmizə rəsmi səfər edən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mövqeyini çatdırmaq tam yerinə düşür: “Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”. Mayn 31-də Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində lider mövqeyə yüksəldiyini xüsusi qeyd etdi. ABŞ Prezidenti Cozef Baydenin və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın 28-ci Beynəlxalq Xəzər Neft-Qaz sərgisi ilə bağlı Prezident İlham Əliyevə ünvanladıqları məktublarda qeyd olunmuş yüksək səviyyəli fikirlər müasir Azərbaycanın dünyanın yenidən qurulan təhlükəsizlik arxitekturasında hansı əhəmiyyətli mövqeyə yüksəldiyinə dəlalət edir. Bu nailiyyətin arxasında təbii resurslardan yalnız dövlət maraqlarımıza uyğun səviyyədə istifadəyə təminat verən Azərbayvan Prezidentinin qətiyyətli siyasi iradəsi dayanır. Baxmayaraq ki, bu nəticəyə mane olmaq istəyən bədxahlarımızla yanaşı, iqtisadi rəqiblik səbəbindən müqavimət göstərən çoxsaylı, bizdən də böyük neft-qaz potensialı olan ölkələr olub. Ona görə də müasir Azərbaycanın uğurlarını həzm edə bilməyən bədxahlarımıza, xüsusən də öz içərimizdən olub həqiqətləri görə və ölkəmizin uğurlarına sevinə bilməyənlərin nəzərinə ABŞ Prezidenti Cozef Baydenin məktubundan bu misraları çatdırmaq istərdim: “Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır”.

Sevil Əliyeva,
Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Oxşar Xəbərlər

Back to top button