
1993-cü il 3 oktyabr Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. Məhz həmin gün xalqın böyük etimadı ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ölkənin mürəkkəb ictimai-siyasi dövründə dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin təmin olunması və müstəqilliyin qorunması istiqamətində yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunur.
Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində zəngin təcrübəsi, siyasi uzaqgörənliyi və milli maraqlara əsaslanan fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi inkişaf strategiyasının formalaşmasında mühüm rol oynadı. Onun rəhbərliyi ilə dövlət quruculuğunun əsas istiqamətləri müəyyənləşdirildi, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu prioritet kimi qarşıya qoyuldu.
Heydər Əliyev dövlətçilik siyasətinin əsasını qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması təşkil edirdi. Ulu Öndərin “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri onun müstəqil Azərbaycanın gələcək inkişaf modeli ilə bağlı aydın və strateji baxışını ifadə edirdi.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirərək ölkənin demokratik inkişaf yolunu təsbit etdi. Konstitusiyada xalq hakimiyyəti, insan və vətəndaş hüquq və azadlıqları, hakimiyyətlərin bölünməsi və hüquqi dövlət prinsipləri öz əksini tapdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını inkişaf etdirdi, ölkənin siyasi və iqtisadi imkanlarının artırılmasına yönəlmiş mühüm addımlar atıldı.
Heydər Əliyev milli dövlətçilik ideyasını yalnız siyasi idarəetmə anlayışı kimi deyil, xalqın milli iradəsinin, dövlət müstəqilliyinin və gələcək inkişafının əsas dayağı kimi qiymətləndirirdi. Onun dövlətçilik baxışlarında milli kimlik, dövlət rəmzlərinə hörmət və vətəndaş məsuliyyəti xüsusi yer tuturdu.
Ulu Öndərin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” fikri dövlət rəmzlərinə münasibətin mahiyyətini aydın ifadə edir.
Heydər Əliyevin siyasi irsində qanunun aliliyi və vətəndaş hüquqlarının müdafiəsi də mühüm yer tutur. O qeyd edirdi: “Dövlətin vəzifəsi ölkədə qanunun aliliyini təmin etməkdir, insanların hüquq bərabərliyini təmin etməkdir, insanların azadlığını təmin etməkdir.”
Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı dövrdə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafında əsas istiqamətlərdən biri kimi davam etdirildi. Bu baxımdan 3 oktyabr 1993-cü il yalnız tarixi bir seçki günü deyil, müstəqil Azərbaycanın dövlətçilik salnaməsində mühüm dönüş mərhələsi kimi qiymətləndirilir.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas mahiyyəti güclü dövlət, qanunun aliliyi, milli maraqların qorunması, demokratik dəyərlərə bağlılıq və xalqın rifahının təmin edilməsindən ibarət idi. Onun siyasi irsi Azərbaycan dövlətçiliyinin inkişaf tarixində mühüm yer tutur.
Aytən İmanova ,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



