Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır

Müstəqillik dövründə Azərbaycan bir neçə tarixi əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi edib. Onlardan birincisi 1994-cü ilin sentyabrında XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına həsr olunmuş tədbir idi. Ümummilli Lider Heydər Əliyev o zaman geosiyasi maraqları bir-biri ilə toqquşan gücləri, böyük dövlətlərin rəhbərlərini, nəhəng konsorsiumları Bakıda bir araya gətirməyə və bütün ziddiyyətlərə, bəzilərinin ciddi müqavimətinə baxmayaraq, neft müqaviləsinin imzalanmasına nail oldu. İndi isə daha açıq və daha kəskin şəkildə üz-üzə dayanan böyük təmsilçilər 11 aydan sonra Bakıda yenidən bir araya gələcək. Bu, suveren hüquqlarını bütün ərazisində öz gücünə təmin edə bilmiş Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın beynəlxalq birlik tərəfindən etiraf olunması ilə yanaşı, həm də ölkəmizin geosiyasi və geoiqtisadi maraqların uzlaşdırılmasına əhəmiyyətli töhfə vermək gücündə olduğunun tanınması deməkdir. COP29-un Azərbaycanda keçirilməsi qərarı, həqiqətən, ölkəmizin, Azərbaycan Prezidentinin növbəti tarixi uğurudur. Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların tərkibini əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər maraqlı tərəflər təşkil etmişdir. 11-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Nəzərə alsaq ki, ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı