AnalitikaGündəm

Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir

Müstəqil Azərbaycan mətbuatı artıq yeni, həqiqi vətənpərvərliyi, yəni ideoloji sovet vətənpərvərliyini deyil, məhz milli vətənpərvərliyi, milli müstəqilliyi, milli inkişafı, milli iqtisadiyyatı tərənnüm edirdi. Ona görə də, bu dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması məhz bu gün şahidi olduğumuz intellektual, inkişaf etmiş mətbuata gətirib çıxardı. Amma bu yol da asan olmadı. Bildiyimiz kimi, o dövrdə çox ciddi əngəllər var idi. Bunlardan biri mətbuata dövlət nəzarətini təmin edən baş idarə-senzura idi. 1993-cü ilin əvvəllərində AXC-Müsavat hakimiyyəti dövründə hərbi sirlərin qorunması ilə bağlı xüsusi fərman imzalandı və bu mətbuatın azadlığını, söz azadlığını bir qədər də məhdudlaşdırdı. Beləliklə, Azərbaycan mətbuatı yağışdan çıxıb yağmura düşmüşdü. Yalnız Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, son iki sənəd bu gün hakimiyyətə iddialı olan radikal müxalifətin liderləri tərəfindən imzalanmışdı. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button