Analitika

Azərbaycanda mədəniyyətlərarası dialoqun və əməkdaşlığın təşviqi ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizdə mədəni müxtəlifliyə göstərilən diqqətin mühüm göstəricisidir

2024-cü ilin mayın 1-dən 3-dək ölkəmizdə keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu böyük əhəmiyyət kəsb edir.

UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirə 100-dən çox ölkəni təmsil edən 700 iştirakçı qatılıb.

Əlbəttə ki, Azərbaycanın bu cür mərama xidmət edən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi təsadüf deyil. Çünki tarixən fərqli dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh və mehribanlıq içində yaşayıblar. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət nəticəsində hazırda Azərbaycanda tolerant cəmiyyət mövcuddur və heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir. Məhz ölkəmizin sivilizasiyalararası dialoqların keçirildiyi məkana çevrilməsi də burada var olan tarixi, coğrafi, mədəni əsaslara söykənir.

Forumun açılış çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqamlara istinadən deyib ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır.

Forumda Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev COP29-un əsas məqsədlərinə toxunaraq deyib ki, maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq.

Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq.

Cənubi Qafqazda güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli, faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmiz hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün etibarlı tərəfdaş hesab edilir.

Göründüyü kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin məntiqli nəticəsi olaraq Azərbaycan dünyada böyük etimad və nüfuz qazanıb.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button