Analitika

Azərbaycan xalqı Dövlət Bayrağı gününü qeyd edir

Azərbaycan Respublikasının müstəqilliyini, keçdiyi uzun tarixi inkişaf dövrünü, xalqımızın maddi və mənəvi mədəniyyət zənginliyini özündə təcəssüm etdirən dövlət rəmzləri onun himni, gerbi və bayrağıdır. Dövlət bayrağının yaranması Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 1918-ci ildə yaranan  AXC-nin başlıca vəzifələrindən biri müstəqil dövlət üçün dövlət himninin, gerbinin və bayrağının qəbul edilməsi idi. Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Lakin sadəcə iki il ömür sürən  AXC süqut etdikdən sonra ölkədə bu bayraqdan imtina edilmişdir. İkinci dəfə həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci ildə isə yenidən Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə  imzaladığı sərəncama əsasən hər il noyabr ayının 9-u Azərbaycanda dövlət bayrağı günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının “Dövlət bayrağından istifadə qaydaları” haqqında qanuna əsasən hər bir Azərbaycan vətəndaşı dövlət bayrağına hörmət etməli və bu ruhda tərbiyə edilməlidir. Dövlət bayrağı milli həmrəyliyimizin, bir bayraq, bir dövlət və bir amal ətrafında sıx birləşməyimizin başlıca amillərindən biridir.

Bu gün bütün Azərbaycan ərazisində, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Xankəndidə, Xocalıda, Cəbrayılda, bütün Qarabağ torpaqlarında Azərbaycanın dövlət bayrağının dalğalanması ölkəmiz və xalqımız üçün böyük qürurdur və bizim müstəqillik tariximizdə mühüm əhəmiyyətə malikdir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button