
7 may 2025-ci il tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında diplomatik münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlərdən sonra mətbuata verilən birgə bəyanat mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyan məsələlərə toxundu. Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Bu illər ərzində hər iki ölkə qarşılıqlı hörmətə, suverenlik və ərazi bütövlüyünə dəstəyə əsaslanan möhkəm siyasi münasibətlər formalaşdırmışdır. Xüsusilə Azərbaycanın neft və qaz sənayesindəki təcrübəsi və Vyetnamın bu sahədə inkişaf etməkdə olan bazarı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün zəmin yaradıb. Prezident İlham Əliyev bəyanatında bu tarixi münasibətlərə toxunaraq qeyd etdi ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı etimada əsaslanan əlaqələr həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Prezident İlham Əliyev və Baş katib To Lam mətbuata verdikləri bəyanatda iqtisadi əlaqələrin inkişaf etdirilməsinin prioritet olduğunu vurğuladılar. Qeyd olundu ki, 2025-ci ildən etibarən iki ölkə arasında birgə ticarət və sərmayə forumlarının keçirilməsi planlaşdırılır. Bu forumlar çərçivəsində kənd təsərrüfatı, energetika, informasiya texnologiyaları və nəqliyyat sahələrində yeni layihələrin reallaşdırılması nəzərdə tutulur. To Lam çıxışında Vyetnamın Azərbaycanla əməkdaşlığı yalnız enerji ilə məhdudlaşdırmaq niyyətində olmadığını, elm, təhsil və mədəniyyət sahələrində də geniş perspektivlər gördüklərini bildirdi. O, xüsusilə Azərbaycan universitetləri ilə akademik mübadilələrin genişləndirilməsinə dair konkret təşəbbüsləri dəstəklədiklərini qeyd etdi. Görüş zamanı beynəlxalq məsələlərə də toxunuldu. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha vurğulayaraq, Vyetnamın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. Bu xüsusda Qarabağ münaqişəsinin yekun həllindən sonra bölgədə yaranan yeni reallıqlar və Azərbaycanın regionda sülh və sabitlik təşəbbüsləri geniş şəkildə müzakirə olundu. To Lam isə öz növbəsində Azərbaycanın Cənubi Qafqazda sülhə və təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirdi və vurğuladı ki, Vyetnam bu cür təşəbbüsləri dəstəkləməyə hazırdır. Mətbuat bəyanatında qeyd olundu ki, iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə mədəniyyət günləri, birgə sərgilər və incəsənət layihələrinin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin inkişafı xalqlar arasında yaxınlaşmanı daha da sürətləndirəcək. To Lamın bu səfəri və Prezident İlham Əliyev ilə keçirilən görüşlər nəticəsində mətbuata verilən bəyanat, Azərbaycan–Vyetnam münasibətlərində yeni və strateji bir mərhələnin əsasını qoydu. Bu münasibətlər təkcə iki ölkənin maraqlarını deyil, həm də regional və qlobal sabitliyin qorunmasına xidmət edəcək bir əməkdaşlıq modeli kimi qiymətləndirilə bilər. Azərbaycanın Şərq Asiya regionu ilə əlaqələrinin gücləndirilməsi istiqamətində atdığı bu addım ölkənin çoxşaxəli xarici siyasət strategiyasının tərkib hissəsidir. Gözlənilir ki, qarşıdakı illərdə Azərbaycan–Vyetnam əməkdaşlığı daha da genişlənəcək və iki ölkənin dostluq münasibətləri daha da möhkəmlənəcək.
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi