Analitika

Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir

Sirr deyil ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var.  Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə bir sıra görüşləri olub.  Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri  yaranıb. Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir. İsrail Azərbaycanla iqtisadi-siyasi münasibətləri dərinləşdirərək qarşılıqlı maraqlara söykənən əməkdaşlıq münasibətlərinə yeni dinamizm elementləri əlavə etmək üçün bir sıra təkliflərlə çıxış etməsi isə ölkələr arasında əlaqələrdə yeni üfüqlər açıb.

Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran amildir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər. Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button