AnalitikaGündəmSiyasət

Cəbrayılın azad edilməsi böyük tarixi hadisədir

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü xalqımızın yaddaşında mühüm tarixi hadisənin rəmzi kimi xüsusi yer tutur. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edərək xalqımıza böyük Zəfər sevinci yaşatdı. Həmin gün Cənab Prezident İlham Əliyev xalqa müraciətində “Cəbrayıl bizimdir!” ifadəsini səsləndirərək tarixi qələbəni bütün Azərbaycan xalqı ilə bölüşdü. Cəbrayıl şəhərinin azad edilməsi Vətən müharibəsində əldə olunan ilk böyük şəhər qələbəsi kimi xüsusi əhəmiyyət daşıdı. Bu qələbə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, hərbi peşəkarlığını və qəhrəmanlığını bir daha nümayiş etdirdi. Cəbrayıl istiqamətində gedən ağır döyüşlər zamanı hərbçilərimiz böyük şücaət və fədakarlıq göstərdilər. Şəhərin azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ oldu.

Cəbrayılın işğaldan azad edilməsi ilə şəhərin qarşısında yeni inkişaf və quruculuq mərhələsi başladı. Cənab Prezident İlham Əliyev 2021-ci ildə Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə 4 oktyabrın Cəbrayıl tarixində əbədi qalacağını bildirmişdir. Bu gün Cəbrayıl şəhərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən birini təşkil edir. Yeni yaşayış komplekslərinin, məktəblərin, sosial və infrastruktur obyektlərinin yaradılması şəhərin müasir simasını formalaşdırır. Cəbrayıl şəhərində həyata keçirilən layihələr doğma yurda qayıdışın təmin olunması istiqamətində mühüm addımlardır.

Cəbrayılın dirçəldilməsi yalnız tikinti-quruculuq prosesi deyil, həm də doğma torpaqlarına qayıdan insanların arzularının gerçəkləşməsidir. İşğal dövründə dağıdılmış şəhər bu gün müasir və abad yaşayış məkanına çevrilir. Cəbrayılın bərpası dövlətimizin azad edilmiş ərazilərə xüsusi diqqət və qayğısının göstəricisidir. Şəhərdə yaradılan yeni imkanlar gələcəkdə Cəbrayılın Qarabağın mühüm yaşayış və iqtisadi mərkəzlərindən birinə çevrilməsinə şərait yaradır. Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların qəhrəmanlığı sayəsində üçrəngli Azərbaycan bayrağı bu qədim şəhərdə yenidən dalğalanır.

4 Oktyabr Cəbrayılın azadlığını, xalqımızın birliyini və dövlətimizin gücünü özündə birləşdirən əlamətdar gündür. Cəbrayıl Şəhəri Günü Zəfər tariximizin yeni nəsillərə çatdırılması baxımından da böyük əhəmiyyət daşıyır. Bu əlamətdar gün Cəbrayılın keçdiyi tarixi yolu, bu günkü inkişafını və gələcəyə inamını özündə əks etdirir. Cəbrayılın azadlığı Azərbaycanın şanlı Zəfər salnaməsinin unudulmaz səhifələrindən biri olaraq daim yaşayacaqdır.

Tamerlan Qurbanov,
YAP Siyəzən Rayon Təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button