AnalitikaGündəmSiyasət

4 Oktyabr Zəfər və Qayıdış Günü

ər bir xalqın tarixində elə günlər olur ki, o, təkcə təqvim vərəqi deyil, bütöv bir millətin dirçəliş simvoluna çevrilir. Oktyabrın 4-ü Azərbaycanın çoxəsrlik tarixinə məhz belə bir şərəfli gün kimi yazılıb. 27 illik həsrətin bitdiyi, Cəbrayılın işğaldan azad olunduğu o tarixi anlardan artıq illər keçir. Bu gün Cəbrayıl şəhəri günüdür – doğma yurdun havasını udan, onun ağrısını da, sevincini də qəlbində daşıyan insanların zəfər bayramıdır.

Bəs bu gün Cəbrayıl sakinləri və qəlbi Cəbrayılla döyünənlər nə düşünür, nələr hiss edir? Gəlin, onların daxili dünyasına boylanaq. Cəbrayıllıların yurd xatirələri heç vaxt silinmədi. Uzun illər köçkünlük həyatı yaşayan böyüklərimizin dilindən düşməyən Xudafərin körpüsü, Diridağ, Soltanlı kəndi, şəhərin məşhur çinar ağacları sadəcə coğrafi adlar deyil, bütöv bir ömrün bünövrəsi idi. 4 Oktyabr sadəcə bir torpaq parçasının azad edilməsi deyil. Bu, Azərbaycan əsgərinin gücünün, xalqın birliyinin və Ali Baş Komandanın qətiyyətinin təsdiqidir. Bu günü qeyd edən hər bir vətəndaş ilk növbədə böyük bir minnətdarlıq hissi yaşayır: “Televizorda Cəbrayılın azad olunma xəbərini eşitdiyim o ilk anı heç vaxt unutmayacağam. Bu gün biz Cəbrayılda ucalan bayrağımıza baxanda təkcə sevinmirik, həm də bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların sayəsində bu gün başımız dikdir.”

Bu gün Cəbrayıl sürətlə bərpa olunur. Dağıdılmış evlərin, talan olunmuş yurdların yerində müasir binalar ucalır, yollar çəkilir, həyat yenidən canlanır. İnsanlar illər öncə tərk etmək məcburiyyətində qaldıqları torpaqlara indi böyük bir ümid və coşğu ilə qayıdırlar.

Cəbrayıl şəhəri günü sadəcə keçmişi xatırlamaq günü deyil, həm də gələcəyə inamla baxmaq günüdür. Bu gün hər bir azərbaycanlının qəlbindən keçən tək bir arzu var: “Cəbrayıl artıq azaddır və əbədi olaraq bizimdir!” Bayramın mübarək, doğma Cəbrayıl!

Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button