Azərbaycan və Bolqarıstan arasında əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görülməkdədir
“Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi dövlət başçılarının qarşılıqlı səfərlərinin və apardıqları səmərəli danışıqların nəticəsidir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev deyib.
Ramil Mehdiyev bildirib ki, mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana növbəti səfəri iki dövlət arasında siyasi , elmi, iqtisadi, mədəni əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək:
“Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin əsası müstəqilliyimizin ilk illərində qurulmasına baxmayaraq, münasibətlərin daha da inkişaf etməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə bu ölkəyə səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə yeni mərhələyə qədəm qoyub. Bolqarıstanın 15 şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi bu ölkənin əməkdaşlığa və tərəfdaşlığa sadiqliyini nümayiş etdirən amillərdəndir”.
“Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycan Şərqi Avropanın bir sıra ölkələri kimi Bolqarıstana da təbii qaz ixrac etməkdədir” – deyən Ramil Mehdiyev əlavə edib ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır: “Azərbaycan müttəfiq ölkələrlə olduğu kimi Bolqarıstanla da bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsini daim diqqətdə saxlayır. Səfər çərçivəsində imzalanmış bir sıra sənədlər, xüsusən də “Azərbaycan Respublikası ilə Bolqarıstan Respubilkası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyənnamə” iki dost ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük zəmin yaradacaq”.