
Prezident İlham Əliyev Volodimir Zelinskininaprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış etmişdir. Prezident İlham Əliyev çıxışında keçirilən görüşlərin müntəzəm xarakter daşıdığını bildirdi. Son dörd il ərzində bunun yeddinci görüş olduğunu, bu görüşlərin beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş verdiyini qeyd etdi. Prezident İlham Əliyev çıxışına davam edərək bildirdi ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən2022-ci ilin yanvarında Kiyevə səfərimi dəxatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi vəondan sonrakı təmaslar Ukrayna-Azərbaycanəlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.
Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizinqarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.
Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, – SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, – eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızıdərinləşdirmək istəyirik.
Prezident cənab İlham Əliyev çıxışının sonunda demişdir: “Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, – sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, – gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.”
Leyla Quliyeva,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”ərazi partiya təşkilatının üzvü



