
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edib. Çıxışında cənab Prezident qeyd etdi ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.
İlham Əliyev vurğulamışdır ki, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.
Ali Baş komandan etnik təmizləmənin, işğalın qurbanı olduğumuzu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: “Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır”.
O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq.
Dövlət başçısı bildirdi ki, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Vaxt keçdikcə siyasi dairələrdə – Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır.
Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru