Analitika

Azərbaycan-Slovakiya əlaqələri yüksələn xəttlə davam edir

Bu gün bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır. Ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, Azərbaycan-Slovakiya münasibətləri əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycanın isə Slovakiyada (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildə təsis edilib. İkitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Bu əlaqələrin nəticəsi olaraq Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir. Həmin şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldur. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Eyni zamanda Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşıya qoyulan əsas vəzifə beynəlxalq aləmə inyeqrasiya olunmaq, inkişaf etmiş dövlətlərlə əməkdaşlığı genişləndirmək, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək olub.Prezident İlham Əliyev də görüşdən sonra mətbuata verdiyi bəyanatında bunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını bildirdi. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını diqqətə çatdıran Prezident bunun çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəd olduğunu bildirdi. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıq əldə olunub. İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər də var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir. Azərbaycan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsində də Slovakiya ilə əməkdaşlıq edir. Belə ki, Slovakiyadan yeddi minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb. Avropa ölkələri ilə günü-gündən münasibətlərini artıran Azərbaycan Respublikası Slovakiya ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün vacib əhəmiyyət kəsb edən addım atmışdır. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək. Görülən bu işlərin ikitərəfli münasibətlərdə yeni mərləhə açacağını və iki ölkə arasında dostluğun daha da möhkəmləndirilməsinə zəmin yaradacağını əminliklə söyləyə bilərik.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button