Azərbaycan-Slovakiya əlaqələri uğurla inkişaf edir

“Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əlaqələri uğurla inkişaf etməkdədir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev deyib.
Ramil Mehdiyev bildirib ki, iki dövlət arasında diplomatik əlaqələr 23 noyabr 1993-ci ildə qurulsa da, dövlətlərarası münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin 18 mart 2004-ci ildə Slovakiyaya işgüzar səfərinin böyük rolu olub:
“Mərkəzi Avropa ölkəsi olan Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması çox ciddi siyasi sənəddir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bu sənədin önəmini xüsusilə qeyd edib. İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid olan sənədin olması isə xüsusi əhəmiyyət kəsb edir”.
“Bir çox Avropa ölkəsi kimi Slovakiya Respublikası da Azərbaycan qazını idxal etməkdə çox maraqlıdır” – deyən Ramil Mehdiyev əlavə edib ki, Azərbaycan hazırda 8 ölkəyə təbii qazını ixrac etməkdədir: “Aparılan səmərəli danışıqlar və imzalanan sənədlər əsasında 9-cu ölkənin Slovakiya olacağına zəmin yaradır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Slovakiya şirkətlərinin fəaliyyəti də böyük rəmzi məna daşıyır. Avropa İttifaqının üzvü olan ölkənin Qarabağda yenidənqurma işlərinə cəlb olunması faktı Azərbaycan diplomatiyasının növbəti uğurlarındandır. Bununla da bir daha sübut olunur ki, Prezident İlham Əliyevin dünya siyasətində günü-gündən artan nüfuzu ölkəmizə yeni tərəfdaşlar qazandırmaqdadır”.