Analitika

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət ilhaq edilsə də, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadıldı. Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi.Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. 2009-cu il noyabrın 17dən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 9 noyabr Milli Bayraq Günü olaraq qeyd olunur.

Hər bir Azərbaycanlının ürəyi iki müqəddəs varlıq ilə doludur. Birisi din duyğusu, digəri milli duyğudur. Azərbaycanlılar bu iki müqəddəs varlıqlarını sevimli milli bayraqlarında da əks etdirmişdilər. Üçrəngli Azərbaycan bayrağında yaşıl rəng islamiyyəti, qırmızı müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşmənin inkişafını, mavi isə Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyasını təmsil edir.

Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Dövlət başçıları səmavi kitabla birgə bayrağa da and içir, xalqa, Vətənə sadiq qalacağına söz verir. Bu, bayrağın müqəddəsliyinin təsdiqidir. Bütün dövlət himnlərində ölkənin bayrağının adı çəkilir. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra milli dövlət bayrağımız bütün torpaqlarımızda qaldırılıb. Bizim bayrağımız Qarabağda, Şuşada dalğalanır.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button