
Azərbaycan ilə İran İslam Respublikası arasında münasibətlər tarixi köklərə, ortaq dini-mədəni dəyərlərə və regiondakı geosiyasi maraqlara əsaslanır. İki ölkə arasında uzunmüddətli əməkdaşlıq ənənəsi olsa da, zaman-zaman ikitərəfli münasibətlərdə gərginliklər və dəyişikliklər müşahidə olunmuşdur. Bununla belə, tərəflər daim dialoq və qarşılıqlı anlayış yolu ilə münasibətləri tənzimləməyə və inkişaf etdirməyə çalışmışlar. Bu baxımdan, 2025-ci il aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Azərbaycan ilə İranı yalnız coğrafi sərhəd deyil, həm də çoxəsrlik tarix, mədəniyyət və din birliyi birləşdirir. Milyonlarla etnik azərbaycanlının yaşaması İran üçün Azərbaycanla münasibətlərin strateji xarakterini daha da artırır. Eyni zamanda, Azərbaycanın müsəlman ölkəsi kimi İslam dünyasında oynadığı rol və İranın regiondakı maraqları iki ölkənin əməkdaşlığını zəruri edən amillərdəndir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan İranla diplomatik münasibətlər qurdu və illər ərzində bu münasibətlər siyasi, iqtisadi, mədəni və enerji sahələrində inkişaf etdirildi. Lakin zaman-zaman Zəngəzur dəhlizi, Ermənistanla münasibətlər və regionda xarici qüvvələrin fəaliyyəti fonunda fikir ayrılıqları yaranmışdır. Buna baxmayaraq, hər iki ölkə regionda sabitliyin və təhlükəsizliyin qorunması məqsədilə əməkdaşlıq etməyə davam etmişdir. 2025-ci il aprelin 2-də İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri mühüm siyasi hadisə oldu. Bu səfər Pezeşkianın prezident seçildikdən sonra region ölkələri ilə münasibətlərin normallaşdırılması və gücləndirilməsi istiqamətində ilk addımlarından biri kimi xarakterizə edilir.
Səfər zamanı Prezident Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirmiş, görüşdə tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyinindən danışmışlar. Cənab İlham Əliyev iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirmiş, Məsud Pezeşkian isə Azərbaycanla münasibətlərin İran üçün xüsusi önəm daşıdığını və bu münasibətlərin möhkəmləndirilməsi üçün səmimi və konstruktiv əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Prezidentlərin görüşündə əsasən iqtisadi əməkdaşlığın gücləndirilməsi, enerji sahəsində əməkdaşlıq, nəqliyyat və logistika, regional təhlükəsizlik, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olundu.
Məsud Pezeşkianın səfəri, həmçinin İranın yeni rəhbərliyinin qonşuluq siyasətinə fərqli baxışını nümayiş etdirdi. Prezident Pezeşkian açıq şəkildə bildirdi ki, İran region ölkələri ilə, xüsusilə Azərbaycanla sıx əməkdaşlığa üstünlük verir və bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də mədəni və sosial sahələri əhatə etməlidir. O, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiq etdi ki, bu da Azərbaycan tərəfindən müsbət qarşılandı.
Səfərin nəticələrinə əsasən demək olar ki, Azərbaycan ilə İran arasında münasibətlərdə yeni mərhələ başlayır. Tərəflər əməkdaşlığın dərinləşdirilməsində, xüsusilə sərhəd bölgələrinin inkişaf etdirilməsində və birgə infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdırlar. İranın Cənubi Qafqazdakı rolu və Azərbaycanın regional enerji və nəqliyyat layihələrindəki əhəmiyyəti bu münasibətlərin strateji xarakterini daha da artırır.
Azərbaycanın balanslı xarici siyasəti fonunda İranla münasibətlərin inkişaf etdirilməsi həm regional sabitliyə, həm də qarşılıqlı iqtisadi faydaya xidmət edir. Məsud Pezeşkianın Bakı səfəri bu istiqamətdə atılan mühüm və perspektivli addım kimi tarixə düşəcək.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri