Azərbaycan Respublikası öz öhdəsinə düşən bütün infrastruktur layihələrini uğurla həyata keçirib
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü var. Bundan əlavə, təşkilatın 3 müşahidəçi üzvü və 14 dialoq tərəfdaşı var. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin və diplomatiyanın əsas istiqamətlərindən biri də münasibətlərin bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasıdır. Bu müdrik siyasət BMT və onun müxtəlif aparıcı qurumları, dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əlaqələr qurmağa üstünlük verməsinə gətirib çıxarıb. Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Üzv olmadığımız təşkilatların Azərbaycan və onun Lideri ilə əməkdaşlıq etmək niyyətləri, keçirdikləri konfrans və sammitlərə dəvət göndərmələri Prezident İlham Əliyevin gündən-günə artan nüfuzundan və ona olan hörmətdən xəbər verir. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin xüsusi əhəmiyyətini nəzərə alaraq, son dövrdə İran və Rusiya istiqamətində yeni kommunikasiyaların yaradılmasına xeyli investisiya yatırmışdır ki, bu da ölkənin beynəlxalq aləmdəki etibarlı tərəfdaş imicini gücləndirmişdir. Bundan əvvəl, ölkəmizin liderliyi ilə BTQ-nin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsi, bu məkanda azad iqtisadi zonanın yaradılması, Azərbaycanı bir tərəfdən Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), digər tərəfdən Cənubi Asiyanı (İran və Hindistan) Şimalla birləşdirən nəqliyyat qovşağının mərkəzinə çevirmişdir. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər “Şimal-Cənub” layihəsinin reallaşması işini bir qədər gecikdirsə də, bu problemin Azərbaycanla bağlı olmadığı aydındır. Azərbaycan Respublikası öz öhdəsinə düşən bütün infrastruktur layihələrini uğurla həyata keçirmiş və istismara qəbul etmişdir.
Rzayeva Səba,
YAP-ın gənc fəalı