Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Pakistan 12 dekabr 1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Ümummilli Lider Heydər Əliyev iki ölkə arasında olan münasibətləri belə səciyyələndirirdi: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub”. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdır. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcək.44 günlük vətən müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır. Pakistan-Azərbaycan münasibətləri yalnız indi və 44 günlük Vətən müharibəsi zamanı deyil, həmişə yüksək səviyyədə olub. Hər iki ölkə istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də ikitərəfli münasibətlərdə bu vaxta qədər nümunəvi münasibətlər sərgiləyib. Münasibətlərin yüksək səviyyədə qorunması ölkə rəhbərlərinin bu əməkdaşlığa böyük önəm verməsindən irəli gəlir.Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür. İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində Azərbaycan Prezidenti Cənab İlham Əliyev, Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Cənab Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşü isə bir daha qarşılıqlı əlaqələrin yüksək xətlə inkişaf etməsindən xəbər verir. Görüşdə üç ölkənin liderinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri zamanı Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalandı.Rəsmi səfər Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm təkan verib.
Qumriyyə Xəlilova,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi