AnalitikaGündəm

Azərbaycan-Pakistan: gələcək əməkdaşlıqda yeni imkanlar

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirib, bir sıra qurumlarla yeni əlaqələr yaradıb. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olub. Azərbaycanın dünyanın bir çox dövlətlərlə diplomatik əlaqələr qurması və mükəmməl xarici siyasət strategiyasının məntiqi nəticəsidir ki, ölkəmiz bütün regional məsələlərdə həlledici söz sahibinə çevrilib. Bir çox dövlətlərlə yanaşı, müstəqil Azərbaycan Pakistanla da diplomatik əlaqələr qurub. Bir-birinə sıx dostluq əlaqələri ilə bağlı olan dövlətlər arasında əlaqələr yüksələn bir xətlə inkişafdadır və dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb. İkitərəfli, eləcə də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərən ölkələrin əlaqələri siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi fəaliyyət göstərir.

Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib. Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur” – deyə diqqətə çatdırıb. Azərbaycanın Cəmmu və Kəşmir məsələsinə birmənalı dəstəyi dostluğa, qardaşlığımıza, beynəlxalq hüquqa sadiqliyin ifadəsi olduğunu dövlətimizin başçısı qeyd edib. Azərbaycan hər zaman haqqın və ədalətin tərəfindədir və bu baxımdan Kəşmir məsələsində də hər zaman beynəlxalq hüququn və ədalətin tərəfində olacaqdır.

Azərbaycan da hər zaman qardaş ölkənin – kəşmirlilərin haqq işini dəstəkləyibdir. Bu münasibətlər xalqların əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan münasibətlərindən qaynaqlanır.

Azərbaycan Prezidentinin Pakistana səfəri çərçivəsində dövlət başçılarının təkbətək görüşü zamanı aparılan müzakirələr qarşılıqlı inam və etimada əsaslanır. İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanan sənədlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” və digər sənədlərin imzalanması dövlətlərarası əməkdaşlıqda, göründüyü kimi, müxtəlif sahələrdə yeni imkanlar açır. İkitərəfli ticarəti genişləndirməklə bağlı razılığa gəlinib, birgə əməkdaşlıq və birgə investisiya sahələri müzakirə olunub. Qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə aparılıb.

“Hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq”. – deyə Prezident bildirib.

Pakistan-Azərbaycan əlaqələri həm də hərbi əməkdaşlıq müstəvisində inkişaf edir. Azərbaycan ilə Pakistan arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmiş və 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək vermiş oldu. Bildiyimiz kimi, Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək göstərib. İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından razılıq ifadə olunub. Prezident İlham Əliyevin Pakistana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələdir və bundan sonrakı münasibətlər də dinamik inkişaf edəcəkdir. Bu gün dünyada Cənubi Qafqazın lider ölkəsi kimi tanınan və beynəlxalq arenada etibarlı tərəfdaş olan Azərbaycan qarşılıqlı etimada əsaslanan münasibətlərə önəm verir və dövlətlərarası münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button