
“Pakistan Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biridir. Pakistanla Azərbaycan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Pakistan hər zaman Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bunu nümayiş etdirib. Hətta, Pakistan həmrəylik nümayiş etdirməklə işğal faktoruna görə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Ona görə də, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır: “İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün də Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.Hazırda iki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir”.
“Azərbaycan Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəkləyib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər: “İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə əməkdaşlıq edirlər. Sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir”.
Ramil Vəlibəyov vurğulayıb ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Bu gün Bakının müxtəlif yerlərində İkinci Qarabağ müharibəsi dövründə asılmış Pakistan bayraqlarının hələ də dalğalanması xalqlarımızın bir-birinə olan münasibətinin göstəricisidir.