AnalitikaGündəmOrdu

Azərbaycan ordusu – şərəf və ləyaqət rəmzimiz!

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu tarix sadəcə təqvimdəki bir bayram günü deyil, xalqımızın azadlıq iradəsinin, dövlətçilik rəmzinin, şərəf və ləyaqətinin təntənəsidir. 30 ilə yaxın bir dövrdə torpaqları işğal altında qalan, lakin ruhu heç vaxt sınmayan bir xalqın Müzəffər Orduya sahib olmasının hekayəsidir.

Bu gün Azərbaycan Ordusu tarixi ədaləti bərpa etmiş, ölkənin bütün hüdudlarında üçrəngli bayrağımızı ucaltmış bir Zəfər Ordusudur.

Azərbaycanın müasir hərb tarixinin təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin qərarı ilə qoyulub. Müstəqilliyini elan etmiş gənc respublikanın qarşısında duran ən mühüm vəzifə ölkəni daxili və xarici təhdidlərdən qorumaq idi. İyunun 26-da general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk nizami hərbi hissə formalaşdırıldı.

Cümhuriyyətin süqutundan sonra ordunun fəaliyyəti rəsmən dayandırılsa da, azərbaycanlıların hərbi ənənələri itmədi. İkinci Dünya Müharibəsində yüz minlərlə həmvətənimizin göstərdiyi şücaət, onlarla Sovet İttifaqı Qəhrəmanının yetişməsi xalqımızın genetik hərbi potensialının sübutu idi.

Azərbaycan ordusunun müasir inkişaf mərhələsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ SSRİ dövründə — 1971-ci ildə gələcək müstəqilliyi uzaqgörənliklə düşünən Heydər Əliyev böyük çətinliklərə baxmayaraq Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Bu məktəb sonradan Azərbaycan ordusunun onurğa sütununu təşkil edəcək peşəkar kadr korpusunun beşiyinə çevrildi.

1993-cü ildə Ulu Öndər yenidən hakimiyyətə qayıdanda ölkədə vahid komandanlığa tabe olmayan, pərakəndə hərbi qruplaşmalar mövcud idi. Həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində vahid komandanlıq altında nizami ordu formalaşdırıldı. 1994-cü ildə imzalanan atəşkəs bəyanatından sonra ordunun maddi-texniki bazasının gücləndirilməsi prosesinə başlanıldı.

1998-ci il mayın 22-də imzalanan fərmanla 26 iyun tarixi rəsmən Silahlı Qüvvələr Günü elan edildi.

2003-cü ildən etibarən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə tamamilə yeni, müasir inkişaf mərhələsinə qədəm qoydu. Güclü iqtisadiyyat hərbi büdcənin dəfələrlə artırılmasına imkan verdi.

Ordumuz dünyanın ən qabaqcıl hərbi texnologiyaları — yüksək dəqiqlikli raketlər, hava hücumundan müdafiə sistemləri, zirehli texnikalar və ən əsası, döyüş taleyini dəyişən Pilotsuz Uçuş Aparatları (PUA) ilə təmin olundu. Qardaş Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri başda olmaqla, NATO standartlarına uyğun müasir hərbi təlimlər keçirildi. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüş hazırlığı ən yüksək səviyyəyə qaldırıldı.

Azərbaycan əsgərinin daxilindəki torpaq həsrəti və döyüş ruhu zaman-zaman lokallaşan toqquşmalarda özünü göstərirdi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı ordumuzun nəyə qadir olduğunu bütün dünyaya və işğalçı Ermənistana nümayiş etdirdi. Bu, böyük Zəfərin ilk qaranquşları idi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi Azərbaycan hərb sənətinin zirvəsi oldu. Ali Baş Komandanın “Dəmir Yumruq” əməliyyatı ilə hərəkətə keçən rəşadətli ordumuz: Ermənistanın 30 il ərzində qurduğu, “keçilməz” hesab olunan mühəndis-istehkam xətlərini bir neçə günə darmadağın etdi. PUA-ların və artilleriyanın koordinasiyalı idarə edilməsi ilə dünya hərb elminə V nəsil müharibə taktikası kimi düşən yeni bir səhifə yazdı. Sıldırım qayaları yüngül silahlarla, əlbəyaxa döyüşlə dırmaşaraq Şuşanı azad edən Azərbaycan əsgəri, adını dünya tarixinə qəhrəmanlıq etalonu kimi həkk etdi. 8 noyabr — Zəfər Günü ilə taclanan bu müharibə, ordumuzu “Qalib Ordu” rütbəsinə yüksəltdi.

Zəfər yürüşü bununla bitmədi. 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat çəkdi. Cərrah dəqiqliyi ilə aparılan bu əməliyyat nəticəsində separatçı rejim diz çökdü. Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan bayrağının ucaldılması ilə ölkəmizin suverenliyi hər bir qarış torpağımızda tam bərpa olundu.

Müharibə bitdikdən sonra Azərbaycan Ordusu arxayınlaşmadı, əksinə, daha da gücləndi. Türkiyə Silahlı Qüvvələrinin strukturuna uyğun olaraq orduda islahatlar dərinləşdirildi, yüksək manevr və dağ şəraitində döyüş qabiliyyətinə malik Komando briqadaları yaradıldı. Azad edilmiş ərazilərdə ən müasir hərbi bazalar, zastavalar və hərbi hava limanları (Füzuli, Zəngilan, Laçın) istifadəyə verildi.

Ordumuz artıq sadəcə öz torpaqlarını qoruyan güc deyil, Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin ən böyük qarantıdır.

26 İyun — Silahlı Qüvvələr Günü bu gün Azərbaycanda tamamilə fərqli bir qürur hissi ilə qeyd olunur. Çünki bu gün qarşımızda başıaşağı, torpağı işğalda olan yox, başı dik, sinəsi orden və medallarla bəzədilmiş qalib əsgər və zabitlərimiz dayanır.

Bizə bu qüruru yaşadan, canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. 26 İyun bayramın mübarək, ey şərəf və ləyaqət rəmzimiz olan Azərbaycan Əsgəri! Bayramınız mübarək, Müzəffər Azərbaycan Ordusu!

Yusif Əliyev,
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən müharibəsi veteranı

Oxşar Xəbərlər

Back to top button