Analitika

Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

“Sirr deyil ki, təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialının 157, quruda külək və günəş enerjisi potensialının 27, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olması Azərbaycanı enerji ixracı nöqteyi-nəzərdən dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir. Bu imkanların mövcud olması eyni zamanda Azərbaycanı nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkəyə çevirir”.

Bunu “Aktualinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir: “Şübhəsiz ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Azərbaycanda mövcud olan əlverişli sərmayə mühiti də yaşıl enerji gündəliyi ilə bağlı vəzifələrin reallaşdırılmasına əlavə imkanlar yaradır. Məsələn, bu gün artıq Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası inşa edilməkdədir. Həmçinin, BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq ki, bu da işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq. Eləcə də 12 min meqavatlıq enerjinin istehsalının SOCAR və “Fortescue Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi də nəzərdə tutulur. Ümumilikdə isə perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaq. Beləliklə də, bütün bu çoxşaxəli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək”.

Oxşar Xəbərlər

Back to top button