AnalitikaGündəmSiyasət

Xankəndidən Ağdərəyədək 20 sentyabrın zəfər və dirçəliş mesajı

20 sentyabr Azərbaycanda tarixi bir gün kimi artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilmiş bu gün xalqımızın uzun illər boyu həsrətlə gözlədiyi ədalətin bərpasının, milli birliyin və ərazi bütövlüyümüzün rəmzinə çevrilmişdir.

Bu əlamətdar günün təsis olunması Azərbaycanın son otuz ildən artıq müddətdə keçdiyi məşəqqətli yolun nəticəsidir. Minlərlə şəhidimizin qanı, igidlərimizin qəhrəmanlığı və dövlətimizin güclü siyasi iradəsi sayəsində torpaqlarımız azad edilmiş, düşmənin silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılmışdır.

Azərbaycanın öz torpaqları üzərində tam suverenliyinin təmin edilməsi ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət idarəçiliyinin bərpa olunması, üçrəngli Azərbaycan bayrağının dalğalanması və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi bu bölgələrin inkişafına yeni nəfəs verdi.

Bu gün sözügedən şəhərlərdə infrastruktur layihələri həyata keçirilir, yollar, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün müasir yaşayış şəraiti yaradılır. Bu proses bölgənin iqtisadi potensialının reallaşdırılmasına və dayanıqlı inkişafına xidmət edir.

Xüsusilə Xocalı şəhəri Azərbaycan xalqının yaddaşında faciə və qəhrəmanlıq simvolu kimi yaşayır. Bu şəhərin yenidən dirçəldilməsi tarixi ədalətin bərpasının və gələcəyə inamın təcəssümüdür. Xankəndi, Xocavənd və Ağdərə şəhərlərində aparılan bərpa və yenidənqurma işləri isə Qarabağın inkişafının ayrılmaz hissəsidir.

20 Sentyabr yalnız bir təqvim günü deyil, həm də Azərbaycanın dövlətçilik iradəsinin, xalqın birliyinin və gələcəyə inamının ifadəsidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ölkəmizin əldə etdiyi nailiyyətləri xatırlatmaqla yanaşı, Qarabağın firavan gələcəyinə olan ümidləri daha da möhkəmləndirir.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button