Azərbaycan müstəqillik dövründən bu yana dünya arenasında tanıdılması məqsədilə böyük işlər görmüş və tədbirlər həyata keçirmişdir

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. Əvvəlcə birgə foto çəkdirilib.
Tədbirin moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem çıxış edərək gələn qonaqları salamlayaraq bildirib ki, Bakıda toplaşdığımız zaman biz sərhədləri aşan, məfkurələri keçən dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal durumun şahidiyik. Bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir.
Forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirak edirlər. Forumun plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışlar müzakirə olunur. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir. Ölkəmizin mədəni və sivil həyatında mühüm rol oynayan tədbirlərin baş tutması, ölkə başçımızın diqqət və qayğısı əsasında əldə edilən beynəlxalq ictimaiyyətin müsbət rəyi nüfuzumuza müsbət təsir göstərir. Yüksək səviyyəli dövlət xadimlərinin, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçıların olduğu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün olduqca önəmli platformadır.
Həsənova Səbinə,
YAP-ın fəalı