AnalitikaGündəmSiyasət

Azərbaycan–İtaliya strateji tərəfdaşlıq münasibətləri

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bu günədək uğurla inkişaf edir. Enerji sahəsində əməkdaşlıq iki ölkə arasında əlaqələrin əsasını təşkil edir – Azərbaycan İtaliyanın neft və qaz təchizatı üzrə ikinci ən böyük tərəfdaşıdır. Bununla yanaşı, ticarət dövriyyəsinin həcmi ildən-ilə artır, italyan şirkətləri Azərbaycanda fəal fəaliyyət göstərir, Azərbaycanın Dövlət Neft Fondu isə İtaliya iqtisadiyyatına milyardlarla dollar həcmində sərmayə yatırmışdır. Təhsil sahəsində Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında humanitar əməkdaşlığın parlaq nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Nazirlər Şurasının sədri Corcia Melonini Azərbaycanda salamlayaraq, onun səfərinin Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacağını bildirmişdir. Prezident qeyd etmişdir ki, ölkələr strateji tərəfdaşdırlar və 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır.
Prezident Əliyev xüsusi vurğulamışdır ki, Corcia Meloninin bu gün Ermənistanda olub proqramını bitirib Azərbaycana gəlməsi çox böyük rəmzi məna daşıyır və Azərbaycana göstərilən hörmətin, xoş münasibətin bariz təzahürüdür.
Siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirən dövlət başçısı, ticarət əlaqələrinin də çox yaxşı vəziyyətdə olduğunu qeyd etmişdir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil etmişdir.
Energetika sahəsində tərəfdaşlığa toxunan Prezident bildirmişdir ki, Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Azərbaycan üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Görüş zamanı bu həcmi artırmaq üçün müzakirələr aparılmışdır ki, bunun üçün TAP layihəsinin genişləndirilməsi lazımdır.
Hərbi-texniki əməkdaşlıq yeni və ümidverici sahə kimi qiymətləndirilmişdir. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaiti ilə birləşməsi ilə bağlı konkret fikirlər mövcuddur.
Həmçinin,Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Təhsil sahəsində əməkdaşlığın mühüm nailiyyəti olaraq, keçən il Bakıda təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açıldığı bildirilmişdir. Artıq 500-dən çox tələbə orada təhsil alır ki, onlar gələcəkdə həm peşəkar mütəxəssislər, həm də iki ölkə arasında təbii elçilər olacaqlar.
Corcia Meloni çıxışına görə cənab Prezidentə və bütün hökumətə göstərilən səmimi qəbula görə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür və yaranmış uzunmüddətli boşluğu doldurmaq zəruri idi.
Meloni vurğulamışdır ki, əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub və daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığı transformasiya etmək üzərində razılıq əldə edilmişdir. İndiki mürəkkəb beynəlxalq müstəvidə ətrafda qeyri-sabitlik artdıqca, aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb edir və bu aydın məsələlərdən biri də İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.
Enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanmışdır. İtaliyaya qaz və neftin ixracı, Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra İtaliyanın enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. Meloni bildirmişdir ki, yalnız təchizat həcmləri üzərində deyil, bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmaq lazımdır.
Nazirlər Şurasının sədri Baş naziri Azərbaycanın Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirməsini arzuladıqlarını bildirmiş, İtaliyanın isə bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazır olduğunu vurğulamışdır. Bu məqsədlə 2026-cı ilin ikinci yarısında Bakıda biznes-forum təşkil etmək planlaşdırılmışdır ki, siyasi əməkdaşlıq müəssisələr və işçilər üçün konkret fürsətlərə çevrilsin.
Müdafiə və təhlükəsizlik sahəsi həlledici digər sahə kimi qiymətləndirilmişdir. Aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək əməkdaşlığı dərinləşdirmək istəyi bildirilmişdir.
Meloni qeyd etmişdir ki, Azərbaycan Diplomatik Akademiyasının nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Mədəniyyət, ərzaq təhlükəsizliyi sahələrində razılaşmalar əldə edilmişdir.
Beynəlxalq məsələlərə gəlincə, İranla bağlı böhran, bölgədə sabitlik, Ermənistanla münasibətlərin normallaşması yolu müzakirə edilmişdir. Meloni İranla ümumi sərhədi və uzun tarixi olan ölkənin Prezidentinin fikrini dinləməyin maraqlı olduğunu bildirmiş, böhranın mümkün qədər tez aradan qalxmasını arzuladıqlarını vurğulamışdır.
Corcia Meloni Azərbaycana, Prezidentə və Azərbaycanın hakimiyyət orqanlarına İranda təhlükə ilə üzləşən italyan vətəndaşların təxliyə olunmasında yardım göstərdiyinə, Tehrandakı səfirliyin müvəqqəti olaraq Bakıya köçürülməsinə dəstək verdiyinə görə təşəkkür etmişdir.
Ukraynada ədalətli və dayanıqlı sülhə yönəlmiş diplomatik səylərin öz nəticəsini verməli olduğu vurğulanmışdır.
Yekun olaraq Meloni bildirmişdir ki, aydın məsələlərin az sayda olduğu dövrdə bir-birinə daha çox bağlanmaq lazımdır. Məhz bu səbəbdən İtaliya Azərbaycanla həyata keçirdiyi mühüm tərəfdaşlığı uzunmüddətli tərəfdaşlıq kimi görür və bundan sonra da uzunmüddətli olmasını istəyir.
Hər iki dövlət başçısının çıxışları Azərbaycan-İtaliya münasibətlərinin strateji xarakterini, enerji sahəsində dərin əməkdaşlığı, iqtisadi, hərbi-texniki, təhsil və mədəni sahələrdə geniş tərəfdaşlıq perspektivlərini ortaya qoyur. Xüsusilə vurğulanmalıdır ki, əlaqələrin uzunmüddətli olması, daimi siyasi dialoqun aparılması, regionda sabitliyin təmin edilməsi və birgə layihələrin həyata keçirilməsi hər iki tərəf üçün prioritet istiqamətlərdir. İtaliya Baş nazirinin səfəri və əldə edilmiş razılıqlar iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Güləhməd İmanov ,
Filologiya üzrə elmlər doktoru, baş müəllim

 

Oxşar Xəbərlər

Back to top button