AnalitikaGündəm

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır

Bu gün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində önəmli addımlar atmaqla beynəlxalq arenanın diqqət mərkəzindədir. Bu, Azərbaycan dövlətinin karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi öhdəliyinə əməl etməsinin nəticəsidir.  Azərbaycan öz iqlim siyasətini təkmilləşdirmək və COP29-a evsahibliyi etmək üçün genişmiqyaslı hazırlıqlar aparır, ekoloji dayanıqlığı artırmaq məqsədilə bu yönümdə tədbirləri sürətlə reallaşdırır. Bu tədbirlərə günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, enerji səmərəliliyini artırmaq üçün yeni texnologiyaların və şəhər planlamasında “yaşıl standartlar”ın tətbiqi daxildir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi fakt kimi dünyaya nümayiş olunur. Kütləvi informasiya vasitələrində davamlı olaraq maarifləndirmə işi aparılır, icimaiyyət COP29-la bağlı məlumatlandırılır. Və bütün tədbirlər həyata keçirilərkən müasir texnologiya və innovasiyalara xüsusi önəm verilir. Xüsusilə də dövlət tullantıların idarə edilməsi, su resurslarının səmərəli istifadəsi və atmosferə atılan zərərli qazların azaldılması sahəsində yeni texnologiyaları tətbiq etməklə ekoloji dayanıqlılığı gücləndirməyə çalışır. Gizli deyil ki, hazırda iqlim dəyişikliyi nəticəsində dünyanın hər yerində fəlakətlər baş verir. Faciələr günbəgün artır və böhran dərinləşir. Bunların qarşısını almağın yolları hər il keçirilən COP tədbirlərində müzakirə olunur. Noyabrda Bakıda baş tutacaq növbəti konfrans bu baxımdan növbəti şansdır. COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır və koordinasiya həyata keçirilməlidir. Azərbaycan alternativ enerji məsələsində indiyə kimi başqalarına nümunə olacaq addımlar atıb. Ölkəmiz neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən dövlətlərdəndir. Hazırda Azərbaycan özünü ənənəvi enerji ilə təmin etməklə yanaşı, həm də ətraf mühitə ziyan vurmayan “yaşıl enerji” istehsalı üçün əməli addımlar atır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda su, günəş, külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Ona görə də paytaxtda və regionlarda yeni “yaşıl enerji” stansiyalarının tikilməsi istiqamətində elmi-tədqiqat və layihələndirmə işləri sürətləndirilir. Bu istiqamətdə görülən işlərin bir qismini dövlət başçısı sözügedən tədbirdə xarici jurnalistlərin də diqqətinə çatdırıb: “Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Qlobal konfrans çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər daha geniş auditoriyanın diqqətinə çatdırılacaq. “Yaşıl enerji” növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button