
Aprelin 30-da güləş üzrə Avropa çempionatında yüksək nailiyyət qazanmış bir qrup idmançı və məşqçiləri qəbul edərkən, Prezident İlham Əliyev öz çıxışında idman sahəsində qazanılan uğurları dövlətin ümumi tərəqqisi ilə əlaqələndirərək bu sahəyə strateji baxışın mövcud olduğunu açıq şəkildə ortaya qoydu. Hər il ənənəvi olaraq idmanın yekunlarına həsr edilən mərasimdə bu sahədə inkişafın əsas göstəricilərindən olan medalların ümumi sayı açıqlanır. Hər il bu sayda artımın müşahidə edilməsi hər birimizi qürurlandırır. İdmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda qazanılan qələbələr Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli Bayrağının yüksəklərə qaldırılması, Dövlət Himnimizin səsləndirilməsi ilə müşaiyət olunur ki, bu, həm ölkəmizin, həm də idmançılarımızda qələbə əzminin, məsuliyyətin təqdimatıdır. Son beş ildən artıq dövrdə bu məsuliyyət ikiqat artıb. İdmançılarımız yarışlarda qalib, suverenliyini tam bərpa edən Azərbaycanı təmsil edirlər.
Gənclərin sadalanan xüsusiyyətlərə uyğun şəkildə yetişməsində əsas vasitələrdən biri idmanın əlçatanlığının yüksəlməsi və inkişafı ilə bağlıdır. Çünki, sağlam əqidəli gəncliyin formalaşması üçün sağlam bədən əsas şərtlərdən biri olaraq qarşımıza çıxır. Beləliklə, bu gün ölkəmizdə idmana xüsusi diqqət və qayğı mövcuddur. Bunu biz idman infrasrtrukturunun müasirləşməsi istiqamətində atılan addımlarda, idmançıların uğurlarının ölkə başçısı səviyyəsində daim qeyd olunmasında müşahidə edirik.
Bu il güləşçilərimiz Tiranada keçirilən Avropa birinciliyində uğurla çıxış etdi, 13 medal qazandı, komanda hesabında Avropa birinciliyinin qalibi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yarışda itirak etmiş idmançıalrı və onların məşqçilərini qəbul edəndə qürurla dedi ki, “Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər; – Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”.
Nəsillərin dəyişdiyini, ancaq Azərbaycan idmanının uğurlarının dəyişmədiyini də qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.
Azərbaycanın böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi ölkənin qlobal idman məkanında mövqeyini gücləndirib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər yarışlar ölkənin təşkilatçılıq imkanlarını və idman diplomatiyasını inkişaf etdirib. Bu proses yalnız imic formalaşdırmaqla kifayətlənmir, eyni zamanda yerli idmançıların beynəlxalq təcrübə qazanmasına, idman turizminin inkişafına və iqtisadi aktivliyin artmasına da töhfə verir. Eyni zamanda, rəqəmsal texnologiyaların və elmi yanaşmaların idman sahəsinə inteqrasiyası da Azərbaycanın idman strategiyasında getdikcə daha çox ön plana çıxır. Məşq prosesində analitik məlumatların istifadəsi, idmançıların fiziki və psixoloji hazırlığının elmi əsaslarla tənzimlənməsi, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi rəqabət qabiliyyətini artıran mühüm amillərdəndir.
Eyni zamanda, Prezident İlham Əliyev idman uğurlarını ölkənin ümumi inkişafının təzahürü kimi qiymətləndirdi. “Qalib dövlət və qalib xalq” anlayışı kontekstində idman nailiyyətlərinin xüsusi vurğulanması göstərir ki, bu sahə milli özünüdərk və ictimai psixologiyanın formalaşmasında mühüm rol oynayır. İdmançıların qələbələri cəmiyyətin özünəinamını artırır və milli birlik hissini gücləndirir. Bakı bu gün beynəlxalq idman tədbirlərinin keçirildiyi etibarlı mərkəzlərdən biri kimi qəbul olunur Söylənilən bütün faktlara, fikirlərə əsasən əminliklə demək olar ki, qazandığımız uğurlar Azərbaycanda idmanın inkişafı, idmançılara, onları yetişdirən məşqçilərə, hakimlərə dövlətimizin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Bu dəstəyi hər zaman hiss edən idmançılarımız, məşqçilərimiz və hakimlərimiz beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, dövlətimizə qalibiyyət gətirmək üçün əllərindən gələni əsirgəmirlər. Bütün bu uğurların əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü idman siyasəti dayanır.
Mehriban İsrafilova,
Xətai rayon İcra Hakimiyyəti



