Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır
“Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bu münasibətlərin vacibliyini göstərir. Memorandumun sürətlə və vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı kansler Olaf Şoltsun açıqlamaları da Aİ Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul etməsini təsdiqləyən daha bir nümunədir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız yaxın gələcəkdə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq edəcəkdir. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Almaniya Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.
“Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir. Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan yaşıl enerji və yaşıl hidrogen böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq.
Onun sözlərinə görə, Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan şərəfli yol bu gün Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün və ən müasir texnoloji inkişaf reallıqları nəzərə alınaraq uğurla davam etdirilir.