
4 oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı mühüm tarixi hadisələri özündə əks etdirən əlamətdar gündür.
2020-ci il 4 oktyabr tarixində Cəbrayıl şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi mühüm hərbi nailiyyətlərdən biri olmaqla, Böyük Zəfərə aparan yolun mühüm mərhələsini təşkil etdi. Cəbrayıl şəhəri Vətən müharibəsi zamanı azad edilən ilk şəhər kimi Azərbaycanın müasir tarixində xüsusi yer tutur.
Cəbrayılın azad olunması Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətini, hərbi qulluqçularımızın peşəkarlığını və şəxsi heyətin Vətən qarşısında nümayiş etdirdiyi fədakarlığı bir daha təsdiq etdi. Bu Qələbənin əldə olunmasında canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin xidmətləri əvəzsizdir.
Cəbrayıl şəhərinin azad edilməsi uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin qayıdışına yol açdı. Şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin bərpasının və ərazi bütövlüyümüzün təmin edilməsinin mühüm rəmzlərindən birinə çevrildi. İşğal dövründə ciddi dağıntılara məruz qalan Cəbrayıl hazırda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi ərazilərdəndir. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və sosial obyektlərin inşası Böyük Qayıdış proqramının mühüm istiqamətlərini təşkil edir. Bu proses Cəbrayılın gələcək inkişafının və dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir.
Cəbrayılın azadlığı uğrunda şəhid olan hərbi qulluqçularımızın xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün Vətənə sədaqət nümunəsidir.
Cəbrayıl Şəhəri Günü münasibətilə bütün Cəbrayıl sakinlərini və həmvətənlərimizi təbrik edir, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Cəbrayılın azadlığı əbədidir!
Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini



