AnalitikaGündəmSiyasət

Cəbrayılın iqtisadi bərpasında dövlət və özəl sektor əməkdaşlığı

İşğaldan azad edilmiş ərazilərin bərpası genişmiqyaslı maliyyə və təşkilati resurslar tələb edir. Bu prosesdə dövlət investisiyaları əsas rol oynasa da, uzunmüddətli iqtisadi fəallığın formalaşması üçün özəl sektorun iştirakı da mühüm əhəmiyyət daşıyır. Cəbrayıl bu əməkdaşlığın müxtəlif nümunələrinin formalaşdığı rayonlardan biridir.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının modeli bu baxımdan diqqətəlayiqdir. Dövlət tərəfindən sənaye parkının infrastrukturu yaradılır, sahibkarlar isə istehsal və xidmət layihələrinə investisiya qoyurlar. Rəsmi məlumatlara görə, rezidentlər üçün hazır mühəndis-kommunikasiya və nəqliyyat infrastrukturu yaradılır və müxtəlif güzəştlər tətbiq olunur.

Bu modelin əsas üstünlüklərindən biri risklərin və funksiyaların müəyyən mənada bölüşdürülməsidir. Dövlət ümumi infrastruktur və institusional çərçivəni formalaşdırır, biznes isə konkret məhsul və xidmətlərin istehsalına kapital və idarəetmə təcrübəsi gətirir.

Cəbrayılda müxtəlif istehsal müəssisələrinin təməlqoyma mərasimlərinin keçirilməsi də özəl sektorun iqtisadi prosesə cəlb olunmasının nümunələrindəndir. Ayrı-ayrı layihələr üzrə həm daxili bazarın tələbatının ödənilməsi, həm də gələcəkdə xarici bazarlara çıxış imkanları nəzərdə tutulub.

Dövlət-özəl sektor əməkdaşlığının davamlılığı Cəbrayılın iqtisadi gələcəyi üçün mühüm amillərdən biri olaraq qalır. Çünki bərpa mərhələsindən sonra əsas məsələ iqtisadi fəaliyyətin öz-özünü təmin edən, yeni investisiyalar yaradan və məşğulluğu artıran sistemə çevrilməsidir.

Vəfa Bayramova,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button