
İdman sağlamlıqdır, gümrahlıqdır, xoşbəxtlikdir ən əsası da rəqabətdir. Hamımızın bildiyi kimi bu il də Yay Olimpiya Oyunlarında ölkəmizin əzmkar, qalib ruhlu idmançıları Azərbaycan Bayrağını ucaldıb, vətənimizi ləyaqətlə təmsil ediblər.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır. Dörd ildən bir keçirilən bu yarışa hər bir idmançı, hər bir ölkə xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq. 2 qızıl, 2 gümüş və 3 bürünc medalımız var.Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi.Gənc nəslə idmanla məşğul olmaq istəyən gənclərə motivasiya oldu. Qalib idmançılarımız uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar. Nəticədə bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər.
Azərbaycanda idmanın bir çox növləri var və daim inkişaf edir. Bu yarışda idmançılarımız beş idman növündə medallar qazanmışlar. Bu idman növlərinə cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş daxildir. İdmanı sevən, idmanla məşğul olmaq istəyənlər üçün indi ölkəmizin hər bir yerində gözəl şərait yaradılıb. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.
Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çoxalır. Ölkə başçımızın dediyi kimi: “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər.”
İlahə Məmmədova,
Xəzər rayonu, 125 №li tam orta məktəbin müəllimi