Analitika

Azərbaycan döyüş meydanında olduğu kimi danışıqlar masasında da istədiyinə nail olub

Artıq Vətən müharibəsində Azərbaycanın qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən tarixi 10 noyabr Bəyanatının imzalanmasından üç il ötür. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Buna görə də üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi yolla qazandığı qələbənin məntiqi nəticəsidir.

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib.

Qeyd edək ki, bəyanatın imzalanmasından ötən üç il ərzində regionda önəmli proseslər baş verib. Belə ki, iki qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalanıb. Eləcə də, Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Ötən üç il ərzində işğaldan azad olunan rayonlarımızda yenidənqurma işlərinə başlanılıb, sakinlər öz dədə-baba yurduna geri dönürlər. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Əsas məsələ olan status məsələsi ümumiyyətlə gündəmdən bir dəfəlik çıxarılmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr uğurla icra olunur.

Bu gün diktə edən tərəf qalib Azərbaycandır və hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması şərtləndirdi və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir.

Artıq Ermənistan tarixə məğlub, Azərbaycan  isə zəfər çalmış ölkə kimi düşdü!

Tünzalə Əliyeva,                                                                                  
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button