AnalitikaGündəm

Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan tədbirlər milli ideologiyanın – azərbaycançılığın daha da möhkəmlənməsini şərtləndirib

“Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev dilimizin qorunmasına və inkişafına böyük həssaslıqla yanaşır. Cənab Prezident Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına daim böyük önəm verib. Dövlət başçımız dilimizin qorunması məsələsinə həm strateji vəzifə olaraq, həm də milli-mənəvi hadisə kimi yanaşır. Onun rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan tədbirlər həm də milli ideologiyanın – azərbaycançılığın daha da möhkəmlənməsini şərtləndirib.

“Dövlət başçımız çıxışlarında dəfələrlə qeyd edib ki, Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. Prezident İlham Əliyevin bu fikirləri hər bir azərbaycanlının üzərinə qoyulan başlıca vəzifədir. Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır”.

Rəşadət Xalıqov əlavə edib ki, cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşması müstəsna milli-strateji əhəmiyyətə malikdir. Bu, Azərbaycan xalqının bütövlüyünün, milli-mənəvi dəyərlərinin qorunması, ölkənin qüdrətinin artması və azərbaycanlı milli kimliyinin təsdiqi baxımından böyük əhəmiyyətə malikdir.

Oxşar Xəbərlər

Back to top button