AnalitikaGündəm

Azərbaycan bütün dağıdılmış şəhərlərimizi, kəndlərimizi yenidən quracaq, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcək

Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma, yeni  infrastrukturların yaradılması istiqamətində aparılan işlər də günbəgün sürətlənir. Getdikcə daha çox ərazi minalardan təmizlənir, yaşayış və həyat üçün vacib olan yeni infrastruktur qurulur. Bundan başqa, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, xidmət, ticarət, tikinti, nəqliyyat və digərlərinin yaradılması istiqamətində görülən işlər də ürəkaçandır. İndiyədək  görülən işlər göstərir ki, Azərbaycan üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq yerlə yeksan edilmiş şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək səviyyədə bərpa etmək əzmindədir və buna qadirdir. Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif sahələri əhatə edir. Bu gün işğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Prezident İlham Əliyev zəfərdən sonra  yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin geniş spektrinə diqqət çəkərək demişdi: “İndi təsəvvür edin ki, biz üç hava limanı inşa edirik. Biz 100 kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları. Hesablamaq çox çətindir. Ona görə biz hər il üçün müəyyən büdcə ayırdıq. Bu gün bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur. Çünki əsas infrastruktur layihələri artıq gerçəkləşib. Ölkə qarşısında duran çox ciddi inşaat layihələri də yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik”.  Əminliklə demək olar ki, dövlət başçısının rəhbərliyi, güclü iradəsi, qətiyyəti və xalqımızın birliyi, həmçinin ölkəmizin iqtisadi qüdrəti sayəsində Azərbaycan bütün dağıdılmış şəhərlərimizi, kəndlərimizi yenidən quracaq, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcək.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button