Analitika

Azərbaycan beynəlxalq arenada güc və nüfuz sahibidir

Müstəqil və suveren dövlət olan Azərbaycan sülhsevər siyasəti ilə sabit və  təhlükəsiz məkan kimi dünya miqyasında tanınır. Əmin-amanlığın hökm sürdüyü məkanda sosial, iqtisadi və mədəni inkişaf müasir və modernləşən Azərbaycanın sülhməramlı niyyətini beynəlxalq aləmdə ortaya qoyur. Sözsüz ki, ölkəmizə dünyanın müxtəlif dövətlərinin marağının artması onun siyasi gücünə, iqtisadi inkişafına, eləcə də sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə Azərbaycanın etibarlı  tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların üzvüdür.

Müasir dünyada Azərbaycan qlobal mahiyyət kəsb edən və dünyanın marağında olan mövzuların müzakirə olunduğu mərkəz imicini formalaşdırıb. Belə ki, Azərbaycanın beynəlxalq miqyaslı – BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara da uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın göstəricisidir. Təbii ki, həmrəylik və əməkdaşlıq platforması olan COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi kimi müasir dünyanın diqqətindədir və dünya ölkələrinin nəzəri paytaxtımıza yönəlib. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniyaya rəsmi səfəri çərçivəsində dövlətlərarası ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri, o cümlədən COP29 ilə bağlı hazırlıq işlərinin müzakirə edilməsi əbəs deyildi. Dövlət başçımızın bu səfəri əsasən, iqlim siyasəti çərçivəsində idi. Səfər çərçivəsində dövlətimizin başçısı “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmiş və iştirak vaxtı “Euronews” telekanalının müxbirinə verdiyi müsahibə zamanı ünvanlanan suallar ətrafında COP29-la bağlı verdiyi mesajlar maraq doğurur.

Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı olan COP29 Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha beynəlxalq miqyasda sərgiləyəcək. Azərbaycan platformasından COP29 çərçivəsində dünya miqyasındakı proseslərə, eləcə də iqlim və digər yaşıl ideyalara diqqət yetiriləcəkdir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsinə malik olan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə institusional inkişafına xüsusi önəm vermişdir. Azərbaycanın təşəbbüsü ilə 2021-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və 2022-ci ildə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı yaradılmış, 2023-cü ildə Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması ideyası üzv dövlətlər tərəfindən dəstəklənmişdir. “Euronews” telekanalının müxbirinə verdiyi müsahibə zamanı dövlət başçımız “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik” – deyərək bildirib ki, bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Azərbaycan Qoşulmama Hərəkatına dörd il sədrlik edərək, Prezidentimizin vurğuladığı kimi, böyük tərəqqiyə nail olduq.

Azərbaycan müstəqil dövlət olaraq Avropa İttifaqına üzv olan dövlətlərlə də əlaqələrinin iqtisadi, siyasi və digər sahələrdə uğurla inkişaf etdirmişdir. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkənin Aİ üçün cəlbedici edən faktorlar sırasındadır. “Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Başqa sözlə, Qlobal Cənub və Qərb, həmçinin iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq?” – deyə Prezident bildirib. Eləcə də, Azərbaycan Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya ilə əlaqələrin inkişafına mühüm önəm verir.

Müasir dövrdə dünya ölkələri ilə sıx əməkdaşlıq edən etibarlı tərəfdaş olan Azərbaycan Almaniya ilə müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinə malikdir. Ölkələr arasındakı münasibətlərdə uğurlu səhifələr açılıb və müxtəlif sahələrdə olan əməkdaşlıq, xüsusilə də, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərləri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verir. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay Almaniyaya işgüzar səfəri əlaqələrin davamlığının təzahürüdür.

COP29-a ev sahibliyi edəcək Azərbaycanın bu, daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir.

“Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi?” sualına Prezident İlham Əliyev “Biz məhz buna nail olmağa çalışırıq” – deyə cavab verib. Qeyd edib ki, konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin: “Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.

Yeni reallıqlar yaradan ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etmək hüququ qazanması, əlbəttə ki, Azərbaycanının xarici siyasətinin böyük uğurlarından biridir.

Güləddin Dadaşov,
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini,
Yeni Azərbaycan Partiyası Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button