
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və ortaq maraqlara əsaslanan bu münasibətlər siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitliyin təmin olunması istiqamətində davamlı inkişaf edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər hazırda mühüm inkişaf mərhələsindədir. Bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri, may ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəmizdə keçirdiyi görüşlər, eləcə də Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter aldığını göstərir. Bu qarşılıqlı təmaslar tərəflər arasında etimadın daha da möhkəmləndiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini təsdiqləyir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən beynəlxalq enerji layihələri Avropanın enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verir. Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Bununla yanaşı, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş prinsipial siyasət həyata keçirir. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasını əsas prioritetlərdən biri hesab edir. Bu baxımdan Avropa İttifaqı ilə aparılan dialoq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional əməkdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir.
Azərbaycanın müstəqil xarici siyasət kursu, milli maraqlara söykənən prinsipial mövqeyi və etibarlı tərəfdaş imici beynəlxalq nüfuzunu daha da artırır. Avropa İttifaqı ilə münasibətlər də məhz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilir.
Mövcud siyasi dinamika göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri qarşıdakı dövrdə daha da genişlənəcək, enerji, nəqliyyat, yaşıl keçid, rəqəmsal inkişaf və iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə yeni imkanlar yaranacaq. Bu isə həm ölkəmizin milli maraqlarına, həm də regionda sülh, sabitlik və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcək.
Vüqar Abbasov,
YAP Astara rayon təşkilatının sədr müavini



