
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlərdə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və milli maraqlarının qorunması məsələləri xüsusi yer tutub.
Dövlət başçısı çıxışında beynəlxalq münasibətlər sistemində ikili standartların yolverilməz olduğunu vurğulayıb. O bildirib ki, heç bir dövlətin başqa müstəqil ölkəyə necə yaşamağı, hansı qərarları qəbul etməyi diktə etmək mənəvi haqqı yoxdur. Hər bir ölkənin öz inkişaf yolunu müəyyən etmək və müstəqil siyasət həyata keçirmək hüququna hörmətlə yanaşılmalıdır.
Prezident İlham Əliyevin bu mövqeyi Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri olan müstəqillik və suverenliyə hörmət prinsipini ifadə edir. Azərbaycan beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə üstünlük verir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın son 35 ildə əldə etdiyi nailiyyətlər xalqımızın zəhməti, iradəsi və əzmi hesabına qazanılıb. Dağıntılardan, işğaldan və geniş yayılmış yoxsulluqdan tərəqqiyə və inkişafa doğru keçilən yol ölkənin müstəqil inkişaf tarixinin mühüm mərhələsidir.
Çıxışda Azərbaycanın iqtisadi potensialının, xarici siyasətinin, enerji və nəqliyyat sahələrindəki rolunun artdığı da diqqətə çatdırılıb. Eyni zamanda, ölkəmizin mürəkkəb və qeyri-sabit beynəlxalq şəraitdə sabitlik və əməkdaşlıq tərəfdarı olduğu vurğulanıb.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə hər bir dövlətin suverenliyinə hörmət edilməli, problemlər qarşılıqlı dialoq və anlaşma yolu ilə həll olunmalıdır. Bu yanaşma həm regional, həm də qlobal təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



