
.Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji əməkdaşlığa əsaslanır. Son illərdə siyasi dialoqun intensivləşməsi iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da genişlənməsinə şərait yaradıb. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər tərəflərin əlaqələri yeni inkişaf mərhələsinə yüksəltmək əzmində olduqlarını təsdiqləyir. Bu əməkdaşlıq təkcə Azərbaycan və Avropa İttifaqı üçün deyil, bütövlükdə regionun iqtisadi inkişafı və enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır.” Bu göstəricilər Azərbaycanın Avropa iqtisadi məkanında tutduğu mühüm mövqeni aydın şəkildə nümayiş etdirir. Statistik rəqəmlər ölkəmizin regionun ən güclü iqtisadiyyatına malik olduğunu və Avropa bazarı ilə sıx inteqrasiyaya nail olduğunu göstərir.
Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olması ölkəmizin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir. Son illərdə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması, əlverişli investisiya mühitinin yaradılması və iqtisadi islahatların davam etdirilməsi Avropa şirkətlərinin Azərbaycana marağını daha da gücləndirib. Eyni zamanda Avropa bazarı Azərbaycan məhsullarının ixracı üçün mühüm istiqamət olaraq qalır.
Azərbaycanın Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas ticarət tərəfdaşı olması ölkənin iqtisadi potensialını və geostrateji əhəmiyyətini bir daha təsdiq edir. Region üzrə Avropa İttifaqı ilə həyata keçirilən ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin regional iqtisadi liderliyinin göstəricisidir. Bu üstünlük yalnız təbii resurslarla deyil, həm də müasir infrastrukturun qurulması, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq nəqliyyat layihələrinin uğurla reallaşdırılması ilə bağlıdır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sektorudur. Dünyada enerji təhlükəsizliyi məsələsinin strateji əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin vurğuladığı kimi, dörd il əvvəl Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri zamanı enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu.
Bu memorandum tərəflər arasında enerji əməkdaşlığının genişlənməsinə mühüm təkan verdi. İmzalanmasından sonra Avropa İttifaqına üzv dövlətlərə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Bu artım Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. Hazırda Azərbaycanın qaz ixracının yarısının Avropa İttifaqı ölkələrinə yönəldilməsi ölkəmizin Avropanın enerji xəritəsində strateji mövqeyə malik olduğunu təsdiqləyir.
Bu gün Avropa İttifaqının artıq on üzv dövləti Azərbaycan təbii qazından istifadə edir. Bu ölkələrin enerji təminatında Azərbaycanın payının artması tərəflər arasında formalaşan etibarlı əməkdaşlığın real nəticəsidir. Mövcud qaz nəqli infrastrukturu və yeni layihələrin həyata keçirilməsi gələcəkdə Azərbaycan qazının daha çox Avropa ölkəsinə çatdırılması üçün geniş imkanlar yaradır. Bu isə həm Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasətinə, həm də Azərbaycanın ixrac imkanlarının genişlənməsinə xidmət edir.
“Cənub Qaz Dəhlizi” bu əməkdaşlığın ən mühüm layihələrindən biri kimi dünya enerji bazarında xüsusi yer tutur. Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa bazarına təhlükəsiz və fasiləsiz şəkildə çatdırılması təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkəmizi Avropa enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirib.
Əməkdaşlıq yalnız təbii qaz ixracı ilə məhdudlaşmır. Hazırda yaşıl enerji istiqamətində də yeni perspektivlər formalaşır. Azərbaycanın zəngin günəş və külək enerjisi potensialı Avropa İttifaqının yaşıl enerji siyasəti ilə üst-üstə düşür. Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi və yaşıl elektrik enerjisinin Avropaya ixracı istiqamətində görülən işlər tərəfdaşlığın gələcək inkişafına mühüm töhfə verəcək.
İqtisadi əməkdaşlığın genişlənməsi nəqliyyat və logistika sahəsində də yeni imkanlar yaradır. Azərbaycan Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Avropa ilə Asiya arasında yükdaşımaların sürətləndirilməsində mühüm rol oynayır. Müasir liman infrastrukturu, dəmir yolu şəbəkəsi və tranzit imkanları Avropa şirkətləri üçün yeni iqtisadi perspektivlər açır.
Siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsi iqtisadi və enerji sahəsində əldə olunan uğurların davamlı olmasına zəmin yaradır. Qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər tərəflərə regional və qlobal çağırışlara birlikdə cavab vermək imkanı yaradır. Bu əməkdaşlıq modeli həm Azərbaycanın milli maraqlarına, həm də Avropa İttifaqının strateji hədəflərinə uyğun şəkildə inkişaf edir.
Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşmış iqtisadi və enerji tərəfdaşlığı artıq strateji xarakter daşıyır. Ticarət dövriyyəsinin davamlı artması, enerji sahəsində uğurlu əməkdaşlıq, təbii qaz ixracının genişlənməsi və yeni yaşıl enerji layihələrinin həyata keçirilməsi münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Qarşılıqlı siyasi iradə və etibarlı tərəfdaşlıq prinsipləri əsasında qurulan bu əlaqələr həm Azərbaycanın, həm də Avropa İttifaqının uzunmüddətli iqtisadi inkişafına, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və regional sabitliyə mühüm töhfə verməyə davam edəcək.
Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatnın fəalı


