Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfərini qürur hissi ilə qeyd edir
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrildi.
Müzəffər Azərbaycan ordusunun 44 gün davam edən zəfər yürüşü şanlı qələbə ilə başa çatdı. Ordumuz əsgər və zabitlərin canı-qanı bahasına Ermənistanın 30 ilə qurduğu nəhəng istehkamları yarıb keçərək düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin hərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi.
Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalanır. Bu hünər savaşında şirin canlarından keçən şəhidlərimizin, öz sağlamlıqlarını torpaqlarımızın ərazi bütövlüyü uğrunda itirən qazilərimizin, Vətən müharibəsi iştirakçılarının uşaq və gənclərimizə tanıdılması bizlərin müqədddəs borcudur.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Azərbaycan Ordusunun Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda keçirilmiş Zəfər paradı öz möhtəşəmliyi ilə hələ çox yaddaşlarda qalacaqdır.
Bu paradda döyüşlərdə hərbi hissələrin nümayəndələri iştirak edib. Həmçinin 44 günlük Vətən Müharibəsində istifadə olunan texnikalar nümayiş olunub. Qələbə paradında Azərbaycan şahinləri də öz məharətini göstəriblər. Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin – həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.
Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Azərbaycanın tarixi Qələbəsinin şərəfinə keçirilən bu Zəfər paradında da Türkiyə və Azərbaycan prezidentləri yenə də yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Əsas mesajlardan biri də məhz bu idi ki, Azərbaycan artıq tək deyil. Həqiqətən də iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığının ən bariz təzahürüdür. Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Möhtərəm Prezidentimizin dediyi kimi, bundan sonra Hərbi Qənimətlər Parkına gələn hər bir insan – həm Azərbaycan vətəndaşları, həm də ölkəmizin qonaqları görürlərlər ki, ermənilərin bəd əməlləri cavabsız qalmayıb, onların sərsəm xülyaları darmadağın edilib.
Noyabr 8-də Azərbaycan 44 günlük Vətən müharibəsinin üçüncü ilini – Zəfər Gününü Xankəndidə qeyd edəcək. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin qırıcıları, həmçinin Vətən müharibəsində iştirakçı olmuş şəxsi heyətin keçidi nəzərdə tutulur.
Xankəndi səmasında bir neçə gündür Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların məşqi gedir. Hərbi paraddan sonra Zəfər Gününün qeyd edilməsi və bayram tədbirləri Şuşada davam etdirilməsi gözlənilir.
Zəfərin mübarək, Azərbaycan!
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi