AnalitikaGündəmSiyasət

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Azərbaycan–Avropa Komissiyası münasibətlərində yeni strateji mərhələ. Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il 01 iyul tarixində Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri tərəflər arasında siyasi dialoqun intensivləşdiyini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın sürətlə genişləndiyini təsdiq edir.

Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərin payına düşməsi, eləcə də Cənubi Qafqaz regionunun Avropa İttifaqı ilə ticarətinin təxminən 70 faizinin Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin iqtisadi və geostrateji əhəmiyyətini bir daha nümayiş etdirir. Bəyanatda enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısı xatırlatdı ki, 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan sonra Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artmış, hazırda isə ölkəmizdən ixrac olunan qazın yarısı Avropa bazarına yönəldilir. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Prezident İlham Əliyev enerji təhlükəsizliyinin müasir dövrdə milli təhlükəsizliyin əsas elementlərindən biri olduğunu vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirdi. Bununla yanaşı, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi regional logistika və tranzit imkanlarını ardıcıl şəkildə genişləndirdiyi diqqətə çatdırıldı.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button