AnalitikaGündəm

Aparılan dil siyasəti Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır

XX əsrin 70-ci illərində SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan müttəfiq respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta, respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Belə ki, 1978-ci il 21 aprel tarixində Azərbaycan SSR Konstitusiyasının qəbul olunması, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ulu öndər Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adlandırmaqla millətin bütövlüyünün məhz onun ana dilindən keçdiyini qətiyyətlə bildirirdi. Dahi lider SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu öndərin bu mövqeyi əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ana dilimiz uğrunda yorulmadan mübarizə aparan ümummilli lider ziyalıları, xalqı öz ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda yorulmadan mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Azərbaycan dövlətinin apardığı ardıcıl, əzmkar dil siyasətinin fonunda müşahidə olunan real mənzərə göstərir ki, dilimizin qorunması uğrunda mübarizənin səmərəli olması üçün dövlət dilinin statusunu və işləkliyini bütün sahələrdə təmin etməklə yanaşı, cəmiyyətimizdə, xüsusən ziyalı mühitində elmi dilin formalaşdırılması, ana dilimizi mükəmməl bilməyin, düzgün işlətməyin norması, yüksək insani dəyər və vətəndaşlıq keyfiyyəti kimi qəbul edilməsinə nail olmaq lazımdır. Müasir dövrün tələblərini, konkret olaraq, qloballaşma prosesini nəzərə alaraq Azərbaycan dilinin istifadəsi və tətbiqinə dövlət qayğısının artırılması, ana dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi təmin edilir. Buna görə də müstəqil Azərbaycan dövləti onun rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının və onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı kimi öz vəzifəsini əsaslı və davamlı olaraq yerinə yetirir. Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılması müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir. Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlər daim nəzarətdədir. Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri, insanların texnoloji yenilikləri sürətlə mənimsəmələri, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, onun qorunması zərurətini yaradır. Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq aləmdə diplomatiyaya yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dil siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Aparılan dil siyasəti Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button