AnalitikaGündəmSiyasət

9 Noyabr – Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti

Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq və müstəqillik arzusunu özündə əks etdirən müqəddəs rəmzlər vardır. Azərbaycan xalqı üçün bu rəmzlərin ən əzizi və dəyərlisi üçrəngli Dövlət Bayrağımızdır. Bu bayraq xalqımızın şanlı tarixini, milli-mənəvi dəyərlərini, azadlıq mübarizəsini və müstəqil dövlətçilik ideallarını təcəssüm etdirir.

Hər il noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar gün 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmişdir.

Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilmişdir. Bu bayraq Şərqdə ilk demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik və azadlıq ideallarının rəmzinə çevrilmişdir. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın qəlbində yaşamağa davam etmişdir.

1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq üçrəngli bayrağımız yenidən qəbul edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq etmişdir. Həmin il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur.

Bu gün Azərbaycan bayrağı ölkəmizin hər bir uğurunda, beynəlxalq tədbirlərdə, idman yarışlarında və tarixi qələbələrimizdə qürurla dalğalanır. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın qürur və sevincini daha da artırmışdır.

Dövlət Bayrağı Günü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün hər bir azərbaycanlıya Vətən sevgisini, milli birliyi, dövlətə sədaqəti və müstəqilliyimizin qorunmasının vacibliyini xatırladır.

Bayrağımız bizim şərəfimiz, qürurumuz və kimliyimizdir. Onu sevmək, qorumaq və gələcək nəsillərə əmanət etmək hər birimizin müqəddəs borcudur.

Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Azərbaycanımızın müstəqilliyi əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!

 

Ləman Cəlilova,  
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button