9 Noyabr – Azərbaycan dövlətçiliyinin və milli qürurumuzun rəmzi

9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar tarixdir. Dövlət bayrağımız xalqımızın azadlıq iradəsinin, milli birliyinin və suverenliyinin ən mühüm rəmzlərindən biridir. Bu gün hər bir azərbaycanlı üçün Vətənə bağlılığın, milli kimliyə sədaqətin və dövlətə məhəbbətin ifadəsidir.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi qərarla üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiq edilmişdir. Bu bayraqda əks olunan mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratik inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli-mənəvi dəyərlərimizin ayrılmaz elementləridir. Cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız uzun müddət dövlət rəmzi kimi istifadə olunmasa da, xalqımızın azadlıq düşüncəsində öz müqəddəs yerini qoruyub saxlamışdır.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmiş, onun Azərbaycan SSR-in dövlət rəmzi kimi tanınması məsələsi qaldırılmışdır. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin əsas dövlətçilik atributlarından birinə çevrilmişdir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir.
Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün guşələrində, beynəlxalq tədbirlərdə və mötəbər platformalarda qürurla dalğalanır. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda ucaldılması xalqımızın milli qürurunu daha da artırdı. Şuşada, Laçında, Füzulidə, Zəngilanda və digər şəhər və kəndlərimizdə dalğalanan bayrağımız dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün rəmzinə çevrildi.
Dövlət Bayrağı Günü hər bir vətəndaşa müstəqilliyimizin qədrini bilməyi, milli dəyərlərimizi qorumağı və dövlətimizin inkişafına töhfə verməyi xatırladır. Üçrəngli bayrağımız Azərbaycan xalqının keçmişini, bu gününü və gələcəyə yönələn arzularını özündə yaşadır. Bu bayraq daim uca tutulacaq, müstəqil Azərbaycanın səmasını bəzəyərək gələcək nəsillərə milli qürur və birlik nümunəsi olacaqdır.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi


